Macarıstanın yeni hökuməti NATO və Avropa İttifaqındakı müttəfiqlərinin etimadını bərpa etmək üçün Rusiyaya qarşı sərt mövqe tutmağı planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Romulus Rusin-Sendi Budapeştdə Equilibrium İnstitutunun təşkil etdiyi "Budapeşt Enerji və Təhlükəsizlik Dialoqu" konfransında çıxışı zamanı bildirib.
"Macarıstan müttəfiqlərinin etimadını bərpa etməlidir və biz Rusiyanın üzünə qapını bağlayacağıq", – deyə nazir vurğulayıb.
O əlavə edib ki, "rusların üzünə qapını çırpacağıq" və iddia edib ki, Rusiya kəşfiyyatı Macarıstana və Avropa İttifaqının digər ölkələrinə "arxa qapıdan daxil olmağa cəhd göstərib".
Romulus Rusin-Sendi iki il əvvəl səlahiyyət həddini aşdığına görə Macarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılmışdı.
Macarıstan KİV-lərinin məlumatına görə, Viktor Orban hökuməti NATO iclaslarında Kiyevi hökumətin göstərişlərinə zidd olaraq həddindən artıq fəal dəstəklədiyi üzə çıxdıqdan sonra onunla yollarını ayırıb.
Vəzifədən uzaqlaşdırıldıqdan sonra Rusin-Sendi hərbi məsələlər üzrə müşavir kimi müxalifətdəki "Tisa" Partiyasına qoşulub. Partiya aprelin 12-də keçirilən parlament seçkilərində qalib gəldikdən sonra o, Peter Madyarın formalaşdırdığı yeni hökumətdə müdafiə naziri vəzifəsinə təyin olunub.
Bizimyol.info






