Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ilin sonunda Azərbaycana qarşı oxşar iki hadisə ilə bağlı qərar elan etmişdi. Səbəb isə bu idi ki, Bakıda Türkiyə vətəndaşı Serpil Parın 210 min 100, Yaponiya vətəndaşı Katsunori Hyodonun isə 127 min 500 avrosu əlindən alınmışdı. Onların da hər ikisi yerli məhkəmə instansiyalarını keçəndən sonra Strasburqa – Avropa Məhkəməsinə üz tutmuşdu.
Bizimyol.info xəbər verir ki, o zaman gömrük xidmətinin əməkdaşları əcnəbilərin üstündə olan külli miqdarda pulları rəsmi qaydada bəyan etmədiklərini əsas gətirərək, həmin şəxslərin pullarını müsadirə etmişdi. Sonradan iş gedib Strasburqa çıxanda Avropa Məhkəməsinin hakimləri baş verənləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirib. Azərbaycanın üzərinə isə ərizəçilərin vəsaitləri geri qaytarmaq öhdəliyi qoyulub.
Türkiyə və Yaponiya vətəndaşlarına pulları geri qaytarılıb.
Avropa Məhkəməsinin qərarlarının icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Azərbaycan da Nazirlər Komitəsinə məktub göndərib ki, bu qərarlar tam icra olunub - məbləğlər ödənilib.
Yazılanlardan belə anlaşılır ki, Serpil Para 210 min avro verilib. Amma Hyodunun pulu manatla ödənilib. Yaponiya vətəndaşına 227 min 600 manat çatıb.
Hyodo Bakıya 2011-ci il martın 27-də gəlib. İstanbuldan gələn Yaponiya vətəndaşı vətəndə bank hesabından çıxardığı vəsaiti gömrükdən problemsiz keçirib. Hyodo Bakıda daşınmaz əmlak almaq istədiyindən, bankda gətirdiyi avroları manata çevirib. Yaponiyalı qonaq üç gün sonra İstanbula qayıtmaq istəyəndə gömrük məntəqəsində yoxlama zamanı çantasında 248 min 300 manat aşkar olunub. Onun əlindən təxminən 8866 manat dəyərində xarici valyuta da alınıb. Hyodoya qarşı həmin il aprelin 4-də Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Yaponiya vətəndaşı geri çəkilməyib. O, 2011-ci il aprelin 29-da Dövlət Gömrük Komitəsinə müraciət edib, pulunun geri qaytarılmasını, cinayət işinə xitam verilməsini istəyib. Hyodonun vəkili bildirib ki, müştərisi pulu Yaponiyadakı hesabından çıxarıb, qanunsuzluğa yol verməyib, sadəcə, burada əmlak almağı planlaşdırıb.
Azərbaycanda məhkəmə çəkişməsi başlayıb. Hyodonun əleyhinə hökm verilib. Onun vəkili işi Avropa Məhkəməsinə aparıb çıxarıb.
Serpil Par Bakıya 2010-cu il mayın 25-də İstanbuldan gəlib. Türkiyə vətəndaşı Bakıdakı hesabına Çindən köçürülmüş pulları çıxararaq geri qayıtmaq istəyib. Par gömrük məntəqəsində 39 min 900 avro bəyan edib. Amma birlikdə səfər etdiyi həmkarının çantasındakı 210 min avrodan çox vəsait barədə məlumat verilməyib. Gömrükçülər məbləği aşkar edəndən sonra götürüblər. Serpil Par iddia edir ki, ondan qeyri-rəsmi şəkildə pulları dövlət büdcəsinə köçürmək tələb olunub. Yalnız bu halda haqqında açılacaq cinayət işinə xitam verilməsinin mümkün olduğu deyilib. Serpil Par təslim olmayıb, Avropa Məhkəməsində ədalətli qərar çıxarılana qədər mübarizə aparıb.
Aytən, Bizimyol.info






