Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dəli" Kürdən geriyə bir quru ad qalıb: Aran rayonlarımız "od tutub yanır"...
"Dəli" Kürdən geriyə bir quru ad qalıb: Aran rayonlarımız "od tutub yanır"...
Aran rayonlarından geriyə sadəcə onların adı əks olunmuş lövhələr qalıb. Lövhələrin arxasındakı ərazilər isə Savanna səhralarını xatırladır. Çünki Kür çayı azalıb və olduqca böyük sahələrdə quraqlıq meydana gəlib. Paytaxtdan aran bölgələrinə üz tutanlar bunun şahidi ola bilərlər. Artıq ikinci ildir ki, rayon camaatı dərdini heç kəsə anlada bilmir. Məhsullar susuzluqdan yanır, tələf olur. Bəs problem təkcə Kür çayında suyun azlığıdır? Müşahidələr göstərib ki, Kür çayının gur gəldiyi zamanlarda da Azərbaycanda həmişə su çatışmazlığı olub, təsərrüfat məhsulları böyük ziyan görüb, fermerlər ili zərərlə başa vurublar. Azərbaycanın Kənd Təsərrüfatının ən böyük problemi Kür çayında suyun azalmasıdır, yoxsa bu sahə ilə məşğul olmalı olan qurumların, agentliklərin məsuliyyət hislərinin azalması? Əgər problem su qıtlığıdırsa,bizdən daha betər su problemi yaşayan ölkələr var. O ölkələr öz dərdlərinə necə dərman tapırlar? Deməli, problem suyun yox, məsuliyyətin azalmasıdır. Laqeydliyin, səhlənkarlığın, hətta özbaşınalığın ayaq açıb yeridiyi istənilən ölkədə istər hər yer su anbarı olsun, yenə də xeyri yoxdur.

Problemlə əlaqədar Bizimyol.info-nun suallarını cavablandıran aqrar ekspert Vahid Məhərrəmli bildirib ki, bu sahədə prezident sərəncamı ilə yaradılan yeni agentlik, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi, həmçinin Nazirlər Kabineti heç bir iş görmür:

"Bu ilin altı ayının gömrük statistikası artıq açıqlanıb. Azərbaycan təəssüflər olsun ki, özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir və hər il biz məcbur qalırıq ki, iri həcmdə ərzaq buğdası idxal edək. Baxmayaraq ki, buğdanın qiyməti uzun müddət yüksək olaraq qalmışdı, amma bununla yanaşı, tələbat olduğu üçün biz məcburiyyət qarşısında qalıb, idxal edirdik. Azərbaycan özünün buğdaya olan tələbatını 100% ödəyə bilər. Mövcud olan su resursumuzdan səmərəli istifadə etsək, hansı ki, bizim su resursumuz 25 milyard kubmetrdir, əvvəllər isə bu rəqəm 32 milyard idi, indi qlobal istiləşmə ilə iləqədar bu rəqəm azalıb, bu, tələbatı ödəyə bilər. Bizim isə cəmi tələbatımız 3.5 milyard kubmetrdir. Kür çayı indi azalsa da, yaz, payız vaxtlarında yenə su bolluğu yaranacaq. İntensiv yağışlardan istifadə etməyi bacarmalıyıq. Həmin sular anbarlara yığılmalıdır. Hətta sovet hökumətinin vaxtında da belə bir təcrübə var idi. Bax, o yığılmış sulardan da səmərəli istifadə etməliyik.

Fikrim aydın anlaşılsın deyə, oxuculara bir epizod danışmaq istəyirəm. 1958-ci ildə Azərbaycanda "Görüş" adlı bir film çəkilib. Həmin filmdə bir epizod var: Azərbaycana qonaq gələn bir özbək görür ki, pambıq sahəsini su basıb. Soruşur ki, bu, nədir? Nə baş verib? Bizimkilər də cavab verir ki, nə baş verəcək? Sahəni suvarırıq. Biz pambığı belə suvarırıq. Qonaq buna təəccüblənir və deyir ki, bəyəm pambığı belə suvarmaq olar? Biz artıq uzun müddətdir ki, Fərqanədə sahələrimizi borular vasitəsilə suvarırıq.

İndi su çatışmazlığı olan bir çox ölkələrdə, o cümlədən, İsraildə də təsərrüfat sahələri borularla suvarılır. Ancaq bizdə sudan səmərəli istifadə olunmur. Kür quruya da bilər, gur da gələ bilər. Əvvəllər Kürdə su çox olanda da Azərbaycanda su çatışmazlığı baş verib, elə indi də baş verir. Çünki sudan düzgün istifadə olunmur. İsrailin əhalisi bizim əhali qədərdir, təqribən eynidir. İsrail 400 min hektar ərazidə 1.1 milyard kubmetr su ilə ölkənin ərzaq məhsullarına olan tələbatını 96% ödəyir. Azərbaycan isə 12 milyard kubmetrlik mənbədən su götürür və özünün ərzaq məhsullarına olan tələbatını cəmi 50% ödəyir. Ölkəmizdə istehsal dayanıqlı deyil.

Azərbaycanda bir sıra problemlər var ki, onlar öz həllini tapmalıdır, o sahəni bilən adamlar idarə etməlidir - Kənd Təsərrüfatı Nazirliyini. Bununla bağlı ciddi dövlət sənədi hazırlanmalıdır. Qanunvericilik bazasında dəyişiklik etmək, bu sahədə yeni qanunlar qəbul etmək lazımdır, hansı ki, bu istiqamətdə mənim müəyyən təsbitlərim var. Ən önəmlisi, fermerlər arasında çox ciddi maarifləndirmə işləri aparılmalıdır. Su təminatı davamlı olaraq həyata keçirilməlidir. Yalnız belə olan təqdirdə Azərbaycan özünü ərzaq məhsullarına olan tələbatını 100% ödəyə bilər.

İsrail bu gün öz ehtiyacından əlavə olaraq, 1.5 milyard dollarlıq ərzaq məhsulları ixrac edirsə, Azərbaycan bundan üç dəfə çox ixrac edə bilər. Hazırda isə Azərbaycanın ixracatı 700-800 milyon dollar dəyərindədir. Ancaq idxalımız ötən il 2 milyard 363 milyon dollar dəyərində olub. Təəssüflər olsun ki, bu problem getdikcə dərinləşəcək. Ona görə ki, problemin həlli ilə məşğul olunmur. Belə olduqda, proqnoz vermək də çətinləşir. Sadəcə onu demək olar ki, problem dərinləşəcək. Bu yaxınlarda mən bir təklif verdim, ölkə başçısı da bununla bağlı bir sərəncam imzaladı. Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin adı dəyişdi və agentlik yaradıldı. Eyni zamanda dəniz suyunun təmizlənməsi haqda da bir sərəncam imzalandı. Amma iş yerindən tərpənmir. O sahədən məsuliyyət daşıyanlar hər hansı bir iş görmürlər. Su, keçən il də problem idi, bu il də problem olaraq qalıb. Heç olmasa, növbəti il üçün işlər görülməlidir,amma görülmür. Bəs bu işləri kim görməlidir? Əlbəttə ki, yeni yaradılmış həmin o agentlik. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi və Nazirlər Kabineti də bu problemi görməlidir. Heç bir iş görmürlər. Beləliklə, kəndlinin təsərrüfat problemi həll olunmur, əksinə, artır. Bu gedişlə Azərbaycanın ixracı getdikcə azala, idxalı isə arta bilər" - deyə, aqrar ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »