Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Analoqu olmayan "çirkli biznes" - AZAL-ın rüsvayçılığı sərhəd tanımır
Analoqu olmayan "çirkli biznes" - AZAL-ın rüsvayçılığı sərhəd tanımır

Sosial mediada quru sərhədlərin bağlı saxlanılması ilə bağlı bir versiyaya daha çox inanırlar. Hökumət AZAL-a çox pul qazandırmaq üçün əlindən gələni edir. Gerçəkdən də, başqa versiya ağlabatan görünmür. Məhz Azərbaycan vətəndaşlarına quru yolla ölkəni tərk edib geri qayıtmağa imkan verilmir. Sanki insanları AZAL-a pul qzandırmağa sövq edirlər.

Bizimyol.info xəbər verir ki, Azərbaycan hava yolları şirkətinin təklifləri heç sərfəli deyil. Belə baxanda azrbaycanlılar üçün ən əlçatan reys İstanbul istiqaməti olmalıdır. Amma Türkiyənin ən böyük şəhərinə getmək üçün az qala orta aylıq əməkhaqqı qədər pul ödəmək lazım gəlir. Qiymətlərə nəzər yetirəndə təəccübsüz keçinmək olmur. “Buta” ilə biristiqamətli səfər 361 manatdan ucuz deyil. Hələ görün bu reyslərə bilet tapırsınızmı?! Xeyli əvvəldən tədarük görməklə bəlkə 463 manata istəyinizə çatasınız. Normal halda biletlərin ən ucuzu 603 manata təklif olunur.

Minimum əməkhaqqının 345 manat olduğu ölkədə vətəndaş qonşu Gürcüstanın paytaxtına 189 manata necə getsin? Quru sərhədləri açıq olsaydı, məsələni 15-20 manata avtobusla həll etmək mümkün idi. Gürcüstanda doğulmuş azərbaycanlıların nə zülm çəkdiyini təsəvvür edin. Yaxınlarının yas mərasimlərinə gedə bilmirlər. Hökumət isə insafa gəlmək istəmir.

Avropada Bakıdan Tbilisyə qədər olan qısa məsafələri aviaşirkətlər 9 avrodan başlayan qiymətlərlə qət edirlər. Məsələn, siz 30-40 manat xərcləməklə Fransadan uzaq şimala – Norveçə özünü çatdıra bilərsiniz. Loukosterlər xeyli sərfəli təkliflər irəli sürür. Azərbaycanda hava nəqliyyatı inhisarda olduğundan, alternativ variantlara yer qalmır. Rəqabətdən söhbət gedə bilməz. Hara getmək istəyirsinizsə, AZAL-ın qılıncının altından keçməlisiniz. Keçəndə də aviaşirkət mütləq boynunuzu vurur.

Ermənistanla müqayisə heç ürəkaçan deyil. Amma istər-istəməz İrəvan-İstanbul reyslərinə göz atmaq laım gəlir. “FlyOne Armenia” iyulun 10-u Ermənistandan Türkiyəyə sərnişinləri 52 dollara çatdırmağa söz verir. Necə ola bilər axı?! Azərbaycanla Türkiyə qardaş ölkələr deyil? Biz niyə Ermənistan vətəndaşlarından təxminən 7-8 dəfə baha uçmalıyıq?

Yazmağa söz də qalmayıb. Ölkədən ayağını kənara atmağa özündə cəsarət tapmış Azərbaycan vətəndaşları yenə soyulacaq. Quru sərhədləri bağlıdır. Amma AZAL-ın rüsvayçılıq sərhədlərinin ucu-bucağı yoxdur. Pul qazanmaq naminə bütöv bir xalqı maddi və mənəvi işgəncə altında saxlamağın yəqin ki, Azərbaycandan başqa belə tragikomik bir nümunəsi yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »