Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəyi ilə bağlı mübahisəli açıqlamalar verərək ölkənin həm qərb, həm də şərq əraziləri ilə bağlı iddialar irəli sürüb. O, qərbi Ukraynadakı bəzi torpaqların gələcəkdə Polşa, Macarıstan və Rumıniyaya keçəcəyini, Donbasın isə Rusiyanın tərkib hissəsi olmalı olduğunu bildirib. Bu bəyanatlar Ukrayna ətrafında geosiyasi müzakirələri yenidən gündəmə gətirib.
- Putinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi iddialar beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanacaq?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putinin bu açıqlamaları əslində beş ildən artıqdır davam edən siyasətin və onun Ukrayna ilə bağlı mövqeyinin növbəti dəfə ifadəsidir. Putin və Rusiyadakı imperialist düşüncəni müdafiə edən dairələr Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmirlər. Bu baxımdan səsləndirilən fikirlər əvvəllər də Rusiya rəsmiləri tərəfindən müxtəlif formalarda ifadə olunub.
“Bu yanaşma, ilk növbədə, beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətsizlikdir. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğal siyasətinə haqq qazandırmaq cəhdidir. Doğrudur, hazırda dünyada qonşu dövlətlər arasında tarixi və sərhəd xarakterli mübahisələr mövcuddur. Lakin İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq sistemin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığıdır. Bu prinsipin pozulması isə qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır və biz bunun nəticələrini Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə açıq şəkildə görürük”-deyə politoloq bildirib.
O vurğulayıb ki, Rusiyanın işğalçı siyasəti beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdıb və dünya nizamına ciddi təhdidlər yaradıb. Buna baxmayaraq, hesab edirəm ki, Putinin səsləndirdiyi iddialar reallığı əks etdirməyəcək. Əksinə, Ukrayna bu müharibədən Putinin gözlədiyi kimi zəifləmiş deyil, daha güclənmiş şəkildə çıxacaq. Artıq son aylarda Ukrayna döyüş meydanında təşəbbüsü əhəmiyyətli dərəcədə ələ alıb, Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə zərbələr endirməklə onun imkanlarını məhdudlaşdırmağa nail olur.
“ Ümumilikdə, Putinin bu bəyanatları imperiya təfəkkürünün təzahürüdür. Eyni məntiqlə başqa bir dövlət rəhbəri də iddia edə bilər ki, bugünkü Rusiya ərazisinin əhəmiyyətli hissəsi tarixi Rusiya torpaqları deyil, son bir neçə əsrdə müxtəlif xalqlardan işğal yolu ilə alınmış ərazilərdir. Belə yanaşmalar beynəlxalq münasibətlər sistemində qəbulolunmazdır və təhlükəli presedent yaradır”- o deyib.
O Putinin son açıqlamaları Ukrayna ətrafında yeni və ciddi siyasi müzakirələr yaradacağını hesab etmir.
Çünki Rusiyanın bu müharibəyə münasibəti və məqsədləri əvvəldən məlum idi. Əksinə, son dövrlərdə beynəlxalq ictimaiyyətin Rusiyaya münasibətinin daha da sərtləşdiyi, Ukraynaya siyasi, hərbi və iqtisadi dəstəyin artdığı müşahidə olunur. Buna görə də Putinin bu bəyanatlarını daha çox həm Rusiya daxili auditoriyasına, həm də beynəlxalq ictimai rəyə hesablanmış siyasi və təbliğat xarakterli çıxış kimi qiymətləndirmək olar.
İradə Cəlil, Bizimyol.info






