Küveyt Silahlı Qüvvələri regional təhlükəsizlik risklərinin artması ilə əlaqədar ölkə vətəndaşları üçün könüllü hərbi xidmətə qəbul başladığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, "Arabian Times" nəşrinin məlumatına görə, proqram ali və orta təhsilli şəxslərlə yanaşı, qadınları da əhatə edir.
Küveyt Baş Qərargahının yaydığı bəyanatda bildirilib ki, təşəbbüs vətəndaşların ölkənin müdafiəsində iştirak imkanlarını genişləndirmək və dövlətin təhlükəsizliyini möhkəmləndirmək məqsədi daşıyır.
Qərar Fars körfəzində vəziyyətin gərginləşməsindən sonra qəbul edilib. İyulun 22-də Küveyt ordusu ölkənin hava məkanına daxil olduğu bildirilən İran pilotsuz uçuş aparatlarının hücum təhlükəsinə görə hava hücumundan müdafiə sistemlərini tam döyüş hazırlığı vəziyyətinə gətirib. Hakimiyyət həmin vaxt əhalini ayıq-sayıq olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Könüllü xidmət proqramı universitet məzunlarından orta təhsilli vətəndaşlara qədər geniş namizəd dairəsini əhatə edir. Qeydiyyat Müdafiə Nazirliyinin rəsmi elektron portalı vasitəsilə aparılıb və avqustun 13-də başa çatıb.
Müdafiə Nazirliyi vurğulayıb ki, ölkənin müdafiəsində iştirak milli təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsidir və xarici təhdidlər dövründə cəmiyyətin həmrəyliyini gücləndirməyə xidmət edir.
Küveyt hökuməti bununla yanaşı, məcburi hərbi xidmətlə bağlı qanunvericiliyi də sərtləşdirir. 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliklərə əsasən, 18 yaşı tamam olan hər bir vətəndaş 180 gün ərzində hərbi qeydiyyata düşməlidir.
Rəsmi dairələr hesab edir ki, bu addımlar, eləcə də qadınların silahlı qüvvələrə daha fəal cəlb olunması ölkənin müdafiə qabiliyyətinin artırılmasına və davam edən regional gərginlik şəraitində suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.
Bizimyol.info






