Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kor-koranə qəbul edin" prinsipi ilə işləmək olmaz"
"Kor-koranə qəbul edin" prinsipi ilə işləmək olmaz"

“Təhsil müəssisələrinin xərcləri yerli əməkhaqqına görə deyil, qlobal bazara görə formalaşır. Beynəlxalq tərəfdaş şirkət və ya təşkilat öz françayzinq və ya imtahan rüsumunu Azərbaycanın orta əməkhaqqına görə deyil, funt sterlinq və ya dollar ekvivalentinə görə tələb edir. Təhsildə istifadə olunan beynəlxalq proqram təminatları və laboratoriya avadanlıqları idxal olunduğu üçün qiymətlər sabit və yüksək qalır.”

Bu barədə Bizimyol.info xəbər portalına danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, burada paradoks və ziddiyyət var.

“Bu ziddiyyət beynəlxalq təcrübədə necə həll olunur, buna da toxunaq. Orta əməkhaqqının aşağı olduğu, lakin beynəlxalq peşə təhsilini inkişaf etdirmək istəyən ölkələr – məsələn, Hindistan, Ukrayna və Şərqi Avropa ölkələri – bu problemi qiymətləri aşağı salmaqla deyil, maliyyə körpüləri qurmaqla həll edirlər.

Bankların qeyri-rüsumlu təhsil kreditləri var. Tələbə işləməsə belə, beynəlxalq proqramın nüfuzuna güvənərək banklar ona aşağı faizlə, iki-üç illik möhlətlə kredit verirlər. Yaxud tələbə pulu özü ödəmir, sənaye müəssisələri gələcək işçilərin beynəlxalq sertifikat xərclərini öncədən öz üzərinə götürür və vətəndaş müqavilə ilə öhdəlik götürür.

Mövcud şəraitdə bu proqramlar yalnız iki spesifik qrup üçün əlçatandır. Birincisi, artıq işləyən, orta təbəqədən yüksək maaş alan və karyerasını qlobal bazara, frilans və ya xarici şirkətlərə daşımaq istəyən mütəxəssislərdir. İkincisi isə ailə büdcəsi universitet təhsilinin dörd illik xərcini, məsələn, 10-15 min manatı ödəməkdənsə, bir il ərzində daha sürətli nəticə almaq istəyən tələbələrdir”, – deyə ekspert bildirib.

Eyni zamanda, Azərbaycanda bu qiymətlərin kütləvi əlçatan olması üçün Dövlət Təhsil Tələbə Krediti Fondunun əhatə dairəsi mütləq özəl və beynəlxalq peşə proqramlarına da şamil edilməlidir.

“Ümumilikdə, səmimi deyim ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlara baxarkən daha çox insanların söyüş söydüyünü, aqressiya nümayiş etdirdiyini görürəm. Mən də razı deyiləm, açığını deyim, razı deyiləm. Amma alternativlər nədir? Burada çıxış yolu nədir? Bizə mütləq həmin beynəlxalq şirkətlərin sertifikatları lazımdırmı? Biz alternativ modullar yarada bilmərikmi? Alternativ məzmun hazırlaya bilmərikmi?

Bəzən həmin beynəlxalq sertifikatları verən şirkətlər də müəyyən mənada monopoliya yaradıblar. Bəlkə də onların hamısını gətirməyə ehtiyac yoxdur. Mən bilmirəm onları kim gətirib, hansı əsaslarla gətirib və bunun həqiqətən zərurəti varmı. Mən peşə təhsili üzrə mütəxəssis deyiləm, amma ümumi yanaşma ilə danışa bilərəm.

Bütün hallarda burada məlumat qıtlığı var. Birdən-birə ekranda belə qiymətlər görünəndə, təbii ki, adi vətəndaş narazı qalır. Amma yenə də deyirəm, ən azından əvvəlki təhsil nazirinin dövründə mən görmüşdüm ki, hansısa qərar qəbul olunanda əvvəlcədən müzakirə aparılırdı, ictimai rəy öyrənilirdi. İctimai müzakirə də məhz bunun üçündür. İndi isə bunlar yoxdur. Sadəcə olaraq burada ‘kor-koranə qəbul edin’ prinsipi ilə işləmək olmaz.

Bu qiymətlər ola bilsin ki, doğrudan da müəyyən əsaslarla hesablanıb. Mən bunu bilmirəm, bu barədə məlumatım yoxdur. Bəlkə də qeyd etdiyim məqamlar nəzərə alınıb. Amma yenə də əsas problem məlumat çatışmazlığıdır.

İnsanlar aqressiya göstərmək, söyüş söymək və ya təhqir etmək əvəzinə alternativlər üzərində danışmalı, ictimai müzakirə tələb etməli və bu müzakirə müstəvisində ağıllı təkliflər səsləndirməlidirlər. Məncə, doğru yol budur”, – deyə ekspert bildirib.

İlqar Orucov vurğulayıb ki, Azərbaycan dövləti kifayət qədər sosial dövlətdir və dövlət siyasətini həyata keçirən ölkə başçısı hər zaman təhsil alanlara xüsusi münasibət göstərib. Bu məsələdə də alternativ həll yolları tapmaq və insanlar üçün sosial əlçatanlığı təmin etmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »