Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşları ilə bağlı problemin həlli üçün birbaşa dialoq vacibdir.

Bizimyol.info xəbər verir ki, Takaiçi parlament sessiyasının başa çatması münasibətilə keçirilən mətbuat konfransında deyib ki, baş nazir olduğu müddətdə bu məsələnin həllinə nail olmağı qarşısına məqsəd qoyub.

Onun sözlərinə görə, vaxtın uzanması qəbuledilməzdir və irəliləyiş əldə etmək üçün Kim Çen Inla sammit də daxil olmaqla bütün mümkün variantlar nəzərdən keçiriləcək.

Takaiçi Kim Çen Inla birbaşa danışıqlara hazır olduğunu ilk dəfə bildirmir. O, 2025-ci ilin sonunda baş nazir seçildikdən dərhal sonra da eyni mövqeni səsləndirmiş və Tokionun bu niyyətinin Pxenyana çatdırıldığını açıqlamışdı.

Qaçırıldığı bildirilən Yaponiya vətəndaşları məsələsi Tokio ilə Pxenyan arasında ən həssas mövzulardan biri hesab olunur. İki ölkə arasında diplomatik münasibətlər mövcud deyil.

2002-ci ildə Şimali Koreya ilk dəfə 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf etmiş və onlardan beşinin vətənə qayıtmasına icazə vermişdi. Qalan şəxslərin öldüyü bildirilsə də, ailələrinə təqdim edilən qalıqların həqiqiliyi təsdiqlənməmişdi.

2014-cü ildə tərəflər hadisələrin yenidən araşdırılması barədə razılığa gəlsələr də, sonradan Pxenyan bu məqsədlə yaradılmış komissiyanı ləğv edib.

Şimali Koreya liderinin bacısı Kim Yo Con isə 2025-ci ilin martında bəyan etmişdi ki, Pxenyan Yaponiya ilə danışıqlarda maraqlı deyil. O, Tokio hökumətinin qaçırılan şəxslər, eləcə də Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı mövqeyini tənqid edərək, qaçırılan Yaponiya vətəndaşları məsələsinin artıq bağlanmış hesab edildiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »