İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri çərçivəsində Prezident Donald Trampla Yaxın Şərqdəki vəziyyət və digər aktual məsələləri müzakirə edəcəyini açıqlayıb. O bildirib ki, danışıqların əsas mövzusu İran olacaq.
Bizimyol.info xəbər verir ki, Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl verdiyi açıqlamada bunun Trampın ikinci prezidentlik dövründə onunla keçirəcəyi səkkizinci görüş olduğunu deyib.
"Çətin dövrlərdə qətiyyət və müdrikliklə hərəkət etmək lazımdır. Gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı müzakirə edəcəyik", – deyə İsrailin baş naziri bildirib.
Netanyahu vurğulayıb ki, səfərinin əsas məqsədi İsrailin təhlükəsizliyini təmin etmək, ölkənin gücünü artırmaq və regionda sülh dairəsini genişləndirməkdir.
Baş nazir həmçinin səfər zamanı ABŞ senatoru Lindsi Qremin xatirəsini yad edəcəyini də bildirib.
İyulun 23-də Netanyahu Donald Trampın Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "Avraam sazişləri"nə qoşulmasının vacibliyi ilə bağlı bəyanatını alqışlamışdı. İsrail hökuməti həmin vaxt bunu "güc yolu ilə sülh" siyasətinin davamı kimi qiymətləndirmişdi.
Bundan əvvəl "The New York Times" qəzeti yazmışdı ki, Donald Tramp administrasiyası İranla bağlı üç mümkün ssenarini nəzərdən keçirir. Bunlar hərbi eskalasiya, yeni iqtisadi sanksiyaların tətbiqi və ABŞ-ın məqsədlərinə nail olduğunu elan edərək münaqişədən çıxmasıdır.
Məlumata görə, Vaşinqton beş ay davam edən qarşıdurma ərzində qarşıya qoyduğu əsas məqsədlərə, o cümlədən İranda hakimiyyət dəyişikliyinə nail ola bilməyib.
ABŞ-la İran qarşıdurmasının növbəti mərhələsi iyulun 8-də başlayıb. ABŞ İran ərazisinə zərbələr endirdikdən sonra Tehran da Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ obyektlərinə hücumlar həyata keçirilib. Tərəflər iyulun 24-də qarşılıqlı zərbələri dayandırdıqlarını açıqlayıblar.
Bizimyol.info






