Tbilisi şəhərində qalan bir qrup Azərbaycan vətəndaşı Bakı istiqamətində qatar bileti əldə edə bilmədiklərini bildirərək Azərbaycan Dəmir Yolları QSC-yə və aidiyyəti qurumlara müraciət edib.
Bizimyol.info portalı xəbər verir ki, müraciətdə bildirilib ki, Rusiyadan ailələri ilə birlikdə Tbilisiyə gələn vətəndaşlar bir neçə gündür bilet ala bilmirlər. Onların sözlərinə görə, onlarla Azərbaycan vətəndaşı eyni problemlə üzləşib, qalma, yemək və digər xərclər maddi çətinlik yaradır. “Xəbərlər göstərir, saytlar yazır ki, əlavə vaqonlar qoşulub, yəni heç kəs qalmasın deyə tədbirlər görülüb, ancaq yenə deyirlər ki, bilet yoxdur. Üç gündür bilet almaq olmur”, – deyə vətəndaş bildirib. Vətəndaşın iddiasına görə, kassa qarşısında günlərdir bilet növbəsinə dayansalar da, istədiklərinə nail ola bilmirlər, əvəzində əl altından bilet alanlar səfərini reallaşdırır.
- Bilet satışı ilə bağlı səsləndirilən iddialardan məlumatınız varmı?
- Bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülür?
Yaranan suallarla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev Bizimyol.info xəbər portalına bildirib ki, sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır: “Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı qatarlarında vaqonların sayını mərhələli şəkildə 6-dan 13-ə çatdırıb, bununla da sərnişin tutumu 178-dən 386 yerədək və ya 120 faiz artırılıb.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikası, vaqonların doluluq səviyyəsi və sərnişin axını mütəmadi olaraq təhlil edilir. Bu təhlillərin nəticələrinə uyğun olaraq əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə (bu halda Gürcüstanla) zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır”.
Bəxtiyar Hacıyevin sözlərinə görə, biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur: “Biletlərin hər hansı turizm şirkəti və ya vasitəçiləri satılması iddiasına gəlincə, Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur.
Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs bir əməliyyatla 4 nəfərə bilet ala bilər”.
Bəxtiyar Hacıyev vurğulayıb: “Bir daha qeyd edək ki, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir”.
Bəxtiyar Hacıyev əlavə edib: “Gürcüstandan Azərbaycan istiqamətində qatarla səyahətə tələbat olduqca yüksəkdir. Bu səbəbdən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir”.
Sərnişinlərimizə səyahətlərini öncədən planlaşdırmağı və müvafiq olaraq öncədən bilet almağı tövsiyə edirik”.
Günel Həsənova, Bizimyol.info






