Macarıstanın keçmiş Baş naziri Viktor Orban Avropa İttifaqının islahatlar aparmadığı təqdirdə növbəti 25 il ərzində ciddi böhranla üzləşə və hətta mövcudluğunu itirə biləcəyini bildirib. O, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasının və Aİ-də institusional dəyişikliklərin vacibliyini vurğulayıb. Orbanın fikrincə, birlik yalnız dərin islahatlar hesabına gələcəkdə dayanıqlığını qoruya bilər.
- Viktor Orbanın Aİ-nin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər Avropa İttifaqı daxilində siyasi müzakirələrə necə təsir göstərə bilər?
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Viktor Orbanın Avropa İttifaqının gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər əslində son illərdə Aİ daxilində davam edən institusional və siyasi müzakirələrin daha açıq şəkildə ifadə olunmuş forması kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Avropa İttifaqı hazırda eyni vaxtda təhlükəsizlik, miqrasiya, enerji, iqtisadi rəqabət qabiliyyəti, Ukrayna müharibəsinin nəticələri və genişlənmə prosesi kimi bir-biri ilə əlaqəli çoxsaylı çağırışlarla üz-üzədir. Bu səbəbdən İttifaqın gələcək idarəetmə modeli ətrafında fikir ayrılıqlarının mövcudluğu yeni hal deyil. Orbanın çıxışı isə bu müzakirələri daha da intensivləşdirən siyasi mesaj kimi qəbul edilə bilər.
"Orbanın əsas tezislərindən biri Avropa Komissiyasının səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi və milli hökumətlərin qərarvermə prosesində rolunun artırılmasıdır. Bu yanaşma daha çox milli suverenliyin ön plana çəkilməsini müdafiə edən dövlətlər tərəfindən müəyyən dəstək görə bilər. O biri tərəfdən, Almaniya, Fransa və Benilüks ölkələri kimi daha dərin inteqrasiyanın tərəfdarları hesab edirlər ki, geosiyasi rəqabətin artdığı dövrdə Aİ-nin daha mərkəzləşdirilmiş və çevik qərarvermə mexanizmlərinə ehtiyacı var. Bu fərqli baxışlar yaxın illərdə Avropa İttifaqının inkişaf istiqaməti ilə bağlı siyasi debatların əsas mövzularından biri olaraq qalacaq", – deyə politoloq bildirib.
Tural İsmayılovun fikrincə, Orbanın "Aİ islahat aparmasa, növbəti 25 il ərzində mövcudluğunu itirə bilər" fikrini daha çox siyasi xəbərdarlıq və gələcəklə bağlı risk ssenarisi kimi qiymətləndirmək məqsədəuyğundur. Hazırkı mərhələdə Avropa İttifaqının dağılması ilə bağlı konkret siyasi və ya hüquqi prosesdən danışmaq üçün əsas yoxdur.
Politoloq deyib ki, son illərdə Brexit təcrübəsi, enerji böhranı, miqrasiya siyasəti, populist qüvvələrin güclənməsi və bəzi üzv dövlətlərlə Brüssel arasında yaranan ziddiyyətlər göstərir ki, İttifaqın institusional dayanıqlığı daim yeni sınaqlarla üzləşir. Bu baxımdan Orbanın bəyanatı mövcud problemlərin qabardılması və alternativ idarəetmə modelinin irəli sürülməsi cəhdi kimi də dəyərləndirilə bilər.
"Viktor Orbanın genişmiqyaslı islahat çağırışları üzv dövlətlər arasında fikir ayrılıqlarını müəyyən qədər dərinləşdirə bilər. Çünki hazırda Aİ daxilində iki əsas yanaşma mövcuddur. Bir tərəf hesab edir ki, qlobal güc balansının dəyişdiyi şəraitdə Avropa yalnız daha sıx inteqrasiya, vahid xarici siyasət, müdafiə əməkdaşlığı və gücləndirilmiş Avropa institutları vasitəsilə rəqabət qabiliyyətini qoruya bilər. Digər tərəf isə milli parlamentlərin və hökumətlərin səlahiyyətlərinin geniş saxlanılmasını, Brüsselin qərarvermə imkanlarının məhdudlaşdırılmasını və subsidiarlıq prinsipinin daha ciddi tətbiqini müdafiə edir", – deyə o əlavə edib.
Politoloqun fikrincə, bu fikir ayrılıqlarının avtomatik şəkildə Avropa İttifaqında institusional böhran yaradacağını söyləmək düzgün olmazdı. O vurğulayıb ki, Aİ tarixində Maastrixt, Lissabon və digər müqavilələrin hazırlanması zamanı da oxşar mübahisələr yaşanıb və nəticədə kompromis mexanizmləri formalaşdırılıb.
"Bu gün də Avropa İttifaqının əsas üstünlüklərindən biri müxtəlif siyasi baxışları danışıqlar yolu ilə uzlaşdırmaq bacarığıdır. Buna görə də Orbanın çıxışı yaxın perspektivdə Brüssel ilə bəzi üzv dövlətlər arasında siyasi polemikanı gücləndirə bilər. Lakin İttifaqın gələcəyini müəyyən edəcək əsas amil üzv ölkələrin ortaq maraqlar naminə kompromis əldə etmək qabiliyyəti olacaq. Belə görünür ki, Avropa İttifaqının qarşıdakı dövrdə ən mühüm vəzifəsi inteqrasiyanın dərinləşdirilməsi ilə milli suverenlik arasında yeni və davamlı balans modelini formalaşdırmaqdan ibarət olacaq", – deyə Tural İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info






