Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"91 deputatın gedişi siyasi balansı dəyişdi": Müxalifəti nə gözləyir?
"91 deputatın gedişi siyasi balansı dəyişdi": Müxalifəti nə gözləyir?

Türkiyədə məhkəmə qərarı ilə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) sədrliyindən uzaqlaşdırılan Özgür Özel 91 deputatla birlikdə partiyasından istefa verərək Yeni Partiyanı yaradıb. Bu hadisənin Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişdirdiyi və CHP-nin əsas müxalifət statusunu itirmək riski ilə üzləşdiyi qiymətləndirilir.

  • Özgür Özəlin Yeni Partiyanı yaratması Türkiyədə müxalifətin parçalanmasına səbəb olacaq, yoxsa hakimiyyətə qarşı daha güclü siyasi alternativin formalaşmasını təmin edəcək?

Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Özgür Özəlin yeni partiya yaradaraq CHP-dən ayrılması və 91 millət vəkilini də özü ilə birlikdə bu yeni partiyaya aparması müxalifətin ciddi şəkildə parçalanması prosesini başlatdı. Nəticədə CHP əsas müxalifət statusunu itirdi, "Yeni Partiya" adlandırılan siyasi təşkilat isə parlamentdə əsas müxalifət mövqeyinə yüksəldi.

Lakin bu parçalanma ilk növbədə CHP seçiciləri və ümumilikdə müxalifət elektoratı arasında ciddi narahatlıq yaratdı. Çünki bu ayrılıq siyasi və ya ideoloji fikir ayrılığından deyil, əksinə, korrupsiya, saxta sənəd hazırlamaq və xüsusilə bələdiyyələr vasitəsilə ciddi sui-istifadələrdə ittiham olunan şəxslərin yeni partiya yaratması kimi qiymətləndirildi. Yəni dövlət əmlakından və xidmət satınalmalarından şəxsi maraqları naminə istifadə etdiyi iddia olunan qrup "mütləq butlan" qərarından sonra yeni siyasi təşkilat formalaşdırmış oldu.

Bu baxımdan hazırkı CHP-nin ciddi şəkildə təmizlənməsi prosesi gündəmə gəlmiş oldu.

“Yeni Partiya” isə daha çox korrupsiya və mənimsəmə iddiaları ilə gündəmə gəlmiş şəxslərin toplandığı bir siyasi cəbhə kimi formalaşdı.

Politoloq bu şəraitdə Türkiyədə ənənəvi CHP seçicisinin böyük hissəsinin yenə də CHP-yə səs verəcəyini düşünür.

Çünki yeni CHP artıq korrupsiya iddialarından və terror təşkilatları ilə əlaqələrdən təmizlənmiş bir siyasi qurum kimi qəbul ediləcək. Digər tərəfdən, yeni yaradılan partiya da mövcud hakimiyyətə qarşı mövqe tutduğu üçün müəyyən qədər dəstək qazana bilər.

“Bununla yanaşı, müxalifətin dəstəklədiyi bəzi yardım təşkilatlarının zəlzələ dövründə milyardlarla dollar həcmində korrupsiya hallarında adının hallanması, həmçinin müxalifətlə birlikdə fəaliyyət göstərən müxtəlif qurum və təşkilatların dövlət resurslarından şəxsi maraqları üçün istifadə etdiklərinə dair iddiaların ortaya çıxması, eləcə də müxalifət bələdiyyələrində baş verdiyi bildirilən korrupsiya faktları cəmiyyətdə ciddi şübhələr yaradıb. Bu səbəbdən müxalifətin ümumilikdə əhəmiyyətli dərəcədə dəstək itirəcəyi qənaətindəyəm” - deyə politoloq bildirib.

O vurğulayıb ki, “Yeni Partiya”nın yaradılması ilə parlamentdə siyasi qüvvələrin yenidən formalaşması prosesi müxalifət daxilində ciddi parçalanma və bölünmə yaradıb. Bu vəziyyət, əslində, müxalifətin özünü zəiflətməsi kimi də qiymətləndirilə bilər. Təbii ki, bu da hakimiyyətin mövqeyini daha da gücləndirəcək.

Çünki hazırda hakimiyyət, xüsusilə xarici siyasət başda olmaqla, bir çox sahədə mühüm addımlar atır. Bununla belə, Türkiyənin ən zəif nöqtəsi iqtisadiyyat olaraq qalır. Xüsusilə inflyasiyanın arzu olunan səviyyəyə endirilə bilməməsi hakimiyyəti ciddi narahat edir. Pensiya məbləğlərinin aşağı olması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi də iqtidar üçün mühüm problemlər sırasındadır.

“Ancaq təhlükəsizlik siyasəti, müdafiə sənayesi, xarici siyasət və Türkiyənin beynəlxalq nüfuzunu artıran addımlar hakimiyyətin əlini xeyli gücləndirir. Cəmiyyətdə iqtisadi problemlərin də zamanla hakimiyyət tərəfindən həll ediləcəyi barədə geniş yayılmış bir fikir mövcuddur.

Bu baxımdan müxalifətin ideoloji və ya siyasi fikir ayrılığı səbəbindən deyil, korrupsiya iddiaları fonunda parçalanması seçici davranışına ciddi təsir göstərən amil hesab olunur. Buna görə də hakimiyyətin siyasi ömrünün daha da uzanacağını, parçalanmış müxalifətin isə yaxın dövrdə yenidən toparlanmasının çətin olacağını düşünürəm” - deyə o əlavə edib.

Politoloq bildirib ki, qarşıdakı seçkilərdə AK Partiya hakimiyyəti uzun illər ölkə idarəçiliyini əlində saxlayacaq və Prezident Rəcəb Tayyib Ərdoğanın daha bir müddət prezident seçilməsi ehtimalı olduqca yüksək görünür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »