Ukrayna ilə Rusiya arasında mümkün hava atəşkəsi ilk növbədə Kiyev üçün daha sərfəli olardı.
Bizimyol.info xəbər verir ki, bu fikri hərbi ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş əməkdaşı İvan Stupak bildirib.
Ekspertin sözlərinə görə, Ukrayna son aylarda Rusiyanın mühüm hərbi və enerji obyektlərinə uğurlu zərbələr endirsə də, bu hücumlar müharibənin gedişatını dəyişəcək səviyyəyə çatmayıb. O bildirib ki, ötən il Rusiyanın neft infrastrukturuna endirilən zərbələr, bu il isə bəzi bölgələrdə yaranan yanacaq çatışmazlığı Moskvanın mövqeyinə təsir göstərməyib.
Stupak bildirib ki, Rusiyanın əsas şəhərləri olan Moskva və Sankt-Peterburqda yanacaq təminatı ilə bağlı ciddi problem yaşanmasa da, regionlarda vəziyyət fərqlidir. Onun fikrincə, Kreml regionlarda yaranan çətinlikləri nəzərə almır və bunu informasiya siyasəti ilə ört-basdır etməyə çalışır.
Ekspert vurğulayıb ki, Ukraynanın infrastrukturu isə davamlı raket və pilotsuz uçuş aparatlarının hücumları səbəbindən böyük təzyiq altındadır. Onun sözlərinə görə, Rusiyanın anbarlara, iri ticarət şəbəkələrinə və yanacaqdoldurma məntəqələrinə endirdiyi zərbələr qış mövsümü öncəsi Ukraynanın logistika və enerji imkanlarını zəiflətməyə hesablanıb.
Stupak hesab edir ki, hava hücumlarının dayandırılması Ukrayna üçün mühüm üstünlük yarada bilər. Çünki ölkənin ərazisi Rusiyadan xeyli kiçikdir və demək olar ki, bütün bölgələr raket və pilotsuz aparatların zərbələri üçün əlçatandır. Onun fikrincə, belə bir razılaşma mülki infrastrukturun qorunmasına və enerji sisteminə düşən yükün azalmasına kömək edə bilər.
Bununla belə, ekspert Rusiyanın mümkün hava atəşkəsinə əməl edəcəyinə şübhə ilə yanaşır. O bildirib ki, razılaşma əldə olunsa belə, onun icrasına nəzarət etmək üçün effektiv mexanizmlər mövcud deyil və Moskvanın müxtəlif bəhanələrlə hücumları davam etdirməsi istisna olunmur.
Mətbuat ABŞ və Ukraynanın hava məkanında atəşkəs təklifini müzakirə etdiyini yazmışdı. Məlumata görə, təşəbbüs Ukraynada müharibənin dayandırılması istiqamətində danışıqların bərpasına xidmət edir. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın belə təşəbbüsləri yalnız "Moskvanın maraqları" nəzərə alınmaqla qiymətləndirəcəyini bildirib.
Bizimyol.infio






