İrana məxsus ticarət gəmisinin Xəzər dənizində vurulması kimi Kiyevin aqressiv addımlarına görə Ukraynanı dəstəkləyən bütün ölkələr məsuliyyət daşımalıdır.
Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib.
“Şübhəsiz ki, özünü bu və ya digər formada Ukrayna rejiminin tərəfdarı hesab edən bütün tərəflər bu məsələyə görə məsuliyyət daşımalıdır. Əslində, Ukrayna prezidentinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində nümayişkaranə və son dərəcə təhlükəli addımlar atan anarxistlərin hərəkətlərini xatırladır. Həmin addımların nəticələri bütün Avropaya təsir etmişdi”, – deyə Bəqai mətbuat konfransında bildirib.
İran XİN sözçüsü Zelenskinin arxasında duran şəxsləri onu daha yaxşı nəzarətdə saxlamağa çağırıb. Onun sözlərinə görə, əks halda belə hərəkətlər bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.
İyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlayıb. Hadisə nəticəsində gəmi heyətinin bir üzvü həlak olub.
Bizimyol.info






