İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Vaşinqtonla danışıqların bərpası üçün heç bir müraciət etməyib. Onun sözlərinə görə, hazırda tərəflər arasında heç bir rəsmi məsləhətləşmə aparılmır, lakin vasitəçilər vasitəsilə mesaj mübadiləsi hələ də mümkündür.
Bizimyol.info xəbər verir ki, bu barədə Bəqayi keçirdiyi brifinqdə bildirib.
"Vasitəçilər ABŞ tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı bizə mesajlar çatdıra bilərlər. Lakin hazırda Amerika tərəfi ilə heç bir danışıqlarımız yoxdur", – deyə o bildirib.
Nazirlik rəsmisi vurğulayıb ki, son gərginliyin başlanmasından bəri İran danışıqların keçirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməyib.
"İranın danışıqlar üçün müraciət etməsi barədə xəbərlər müxalif mövqedə olan qüvvələrin vaxtaşırı yaydığı iddialardır", – deyə o əlavə edib.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab verildiyini əsas gətirərək İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla qüvvədə olan atəşkəsin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
İyulun 24-də tərəflər qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəliblər.
Bizimyol.info






