Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən sərt etiraz: "2500-6500 manatlıq təhsil haqqı geniş kütlə üçün əlçatmazdır"
Ekspertdən sərt etiraz: "2500-6500 manatlıq təhsil haqqı geniş kütlə üçün əlçatmazdır"

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının sözlərinə görə, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr üçün illik təhsil haqları təhsil səviyyələrinə uyğun müəyyənləşdirilib. O bildirib ki, tərəfdaş təşkilatlarla birgə həyata keçirilən beynəlxalq sertifikat proqramlarında illik ödənişlər 2500-6500 manat arasında dəyişir. Bu açıqlama ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və xüsusilə sertifikat proqramları üzrə müəyyən edilən yüksək məbləğlər sosial şəbəkələrdə və ekspertlər tərəfindən sərt tənqidlə qarşılanıb. Vətəndaşlar və təhsil mütəxəssisləri bu qiymətlərin ölkədəki orta gəlir səviyyəsi ilə uyğun gəlmədiyini bildirərək qərarın əsaslandırılmasını tələb edirlər.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ayrı-ayrı şəxslər peşə təhsilində müəyyən edilən yeni ödənişlərə haqq qazandırmağa çalışsalar da, əsas məsələ bu qiymətlərin hansı iqtisadi və maliyyə əsaslandırmasına söykəndiyinin ictimaiyyətə açıqlanmamasıdır.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu qiymətlərin necə formalaşdığını, hansı hesablamalara əsaslandığını cəmiyyətə izah etməli idilər.

“Azərbaycanda təkcə peşə təhsilində deyil, orta ixtisas və ali təhsil müəssisələrində də təhsil haqları kifayət qədər yüksəkdir.

Dünyada təhsil haqlarının yüksək olduğu ölkələr mövcuddur. Böyük Britaniya və Amerika Birləşmiş Ştatları artıq təhsili böyük ölçüdə biznes modelinə çevirmiş ölkələrdir və burada universitet xidmətləri yüksək ödənişlə təqdim edilir.

Bununla yanaşı, başqa reallıqlar da var. Məsələn, Almaniya Federativ Respublikasında dövlət ali təhsil müəssisələri nəinki yerli vətəndaşlar, hətta əcnəbilər üçün də pulsuzdur.

Ali təhsil böyük infrastruktur, müəllim heyəti və digər xərclər tələb etsə də, universitetlər yalnız təhsil haqları hesabına maliyyələşməməlidir.

Təhsil müəssisəsinin maliyyə əldə etməklə bağlı strategiyası olmalıdır. Təəssüf ki, bizdə belə bir strategiya yoxdur", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, belə qərarlar açıqlanmamışdan əvvəl təhsil mütəxəssisləri və ekspertlərlə müzakirə aparılmalı idi.

"Mən açığını deyim, bu qiymətlərin maliyyə-iqtisadi əsaslandırmasının nəyə söykəndiyini bilmirəm. Təhsil adamı, elm adamı olaraq bundan xəbərsizəm. Çünki bu qərarlar qapalı şəkildə qəbul olunur", – deyə o bildirib.

Ekspert vurğulayıb ki, bu qərar konkret bir şəxsin qərarı olmasa da, qiymətləri müəyyən edən şəxslər özlərini cəmiyyət qarşısında hesabat verməyə borclu hesab etmirlər.

"Qiymətləri müəyyənləşdirən adamlar özlərini fövqəladə qərarverici şəxs rolunda görür və bunun ictimai müzakirəsini keçirmirlər", – deyə İlqar Orucov əlavə edib.

O bildirib ki, əgər bu qiymətlərlə bağlı qərar qəbul edilməzdən əvvəl jurnalistlərə, təhsil mütəxəssislərinə və ekspertlərə iqtisadi-maliyyə əsaslandırması təqdim olunsaydı, bəlkə də həmin qərarları müdafiə etmək mümkün olardı.

Hazırkı vəziyyətdə bu qiymətlərin hansı əsaslarla müəyyənləşdirildiyi məlum deyil.

“Beynəlxalq təcrübə və qlobal müqayisələrə əsasən peşə təhsili üzrə ödənişlər təxminən 2 500-6 500 manat, yəni 1 500-3 800 ABŞ dolları diapazonunda dəyişir. Qlobal bazar baxımından bu məbləğlər rəqabətqabiliyyətli və nisbətən aşağı hesab olunsa da, dünya təcrübəsində beynəlxalq sertifikatlaşdırma, peşə təhsilinin maliyyələşdirilməsi, qiymət siyasəti və tələbələrə dəstək mexanizmləri müxtəlif yanaşmalar əsasında tənzimlənir.

Eyni seqmentə aid qısamüddətli və yüksək texnologiyalı praktiki proqramların qiymətləri ABŞ və Böyük Britaniyada 20 min ABŞ dollarına qədər yüksələ bilir”-deyə o bildirib.

İ.Orucov deyib ki, Avropa İttifaqı ölkələrində dövlət peşə təhsili əsasən pulsuz olsa da, beynəlxalq sertifikat təqdim edən özəl rəqəmsal və idarəetmə akademiyalarında təhsil haqları 9 min avroya qədər dəyişir.

Ekspert hesab edir ki, Azərbaycanda da dövlət hesabına peşə təhsili almaq mümkündür, lakin Avropa ölkələrində fəaliyyət göstərən beynəlxalq sertifikat verən özəl akademiyalarda qiymətlər kifayət qədər yüksəkdir.

Ekspert əlavə edib ki, Şərqi Avropa ölkələrində analoji proqramların qiyməti 5 min ABŞ dollarına qədər dəyişir.

İ.Orucov Almaniya təcrübəsinə də toxunaraq bildirib ki, bu ölkədə peşə təhsili alan tələbələrin beynəlxalq sertifikat xərclərinin təxminən 70 faizi işəgötürən şirkətlər tərəfindən ödənilir: “Tələbələr həm təhsil alır, həm şirkətlərdə istehsalat təcrübəsi keçir, həm də təqaüd alırlar. Şirkətlər isə bu vəsaiti gələcəkdə peşəkar kadr əldə etmək üçün investisiya kimi qiymətləndirirlər”.

Ekspert ABŞ və Böyük Britaniya modelinə də münasibət bildirərək bildirib ki, həmin ölkələrdə təhsil artıq biznes kimi formalaşıb. Bununla belə, onun fikrincə, təhsil biznes olmamalıdır.

“Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən iri peşə təhsili mərkəzləri "oxu, iş tap, sonra ödə" modelini tətbiq edirlər.

Bu modeldə tələbə təhsil proqramına sıfır manat ilkin ödənişlə başlayır. Beynəlxalq sertifikat əldə edib işə düzəldikdən sonra isə növbəti iki-üç il ərzində əməkhaqqının təxminən 10-15 faizini təhsil müəssisəsinə ödəyir.

Dünyada peşə təhsilinin maliyyələşdirilməsi ilə bağlı müxtəlif modellər mövcuddur və Azərbaycanın da beynəlxalq təcrübədən faydalanması vacibdir”-deyə o bildirib.

Ekspertin fikrincə, proqramların qiymətini aşağı salmaq düzgün çıxış yolu deyil.

O hesab edir ki, bu addım təhsilin keyfiyyətinin aşağı düşməsinə, lisenziyaların və xarici ekspertlərin itirilməsinə səbəb ola bilər.

"Doğru yol qiymətləri endirmək deyil, maliyyə alətlərini şaxələndirməkdir", – deyə İ.Orucov vurğulayıb.

Onun sözlərinə görə, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı mühüm rol oynaya bilər.

Ekspert hesab edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi özəl və beynəlxalq proqramlar üçün vauçer sistemi tətbiq edə bilər.

İ.Orucov bildirib ki, peşə təhsili üçün 2 500-6 500 manat investisiya qoyan vətəndaşların bu xərcləri gəlir vergisindən çıxılmalıdır. Onun sözlərinə görə, bu sahədə həm Türkiyənin, həm də Avropa ölkələrinin müsbət təcrübəsi mövcuddur.

“Azərbaycanda orta aylıq əməkhaqqı ilə peşə təhsilinin yeni qiymətləri arasında ciddi maliyyə uyğunsuzluğu var.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı təxminən 1000 manatdır.

Regionlarda və bəzi sektorlarda bu göstərici daha da aşağıdır. Bu baxımdan 2 500 manatlıq proqram orta statistik vətəndaşın təxminən iki ay yarımlıq, 6 500 manatlıq proqram isə altı ay yarımlıq ümumi gəlirinə bərabərdir", – deyə o bildirib.

İ.Orucov vurğulayıb ki, söhbət ümumi gəlirdən gedir və insanın bütün qazancını yığması real həyat şəraitində mümkün deyil: “Bu adam altı ay yarım ərzində heç nə yeməsə, bəlkə həmin pulu toplaya bilər. Amma 1000 manat maaşla dolanmağın özü nə qədər realdır? Qida, kommunal xidmətlər, kirayə və digər məcburi xərclər ödənildikdən sonra ailələrin bu məbləği birdəfəyə təhsilə yönəltməsi kütləvi xarakter daşıya bilməz".

Onun fikrincə, məhz buna görə də 2 500-6 500 manat arasında dəyişən təhsil haqları cəmiyyətin geniş təbəqəsi üçün maliyyə baxımından əlçatmaz hesab olunmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »