ABŞ-ın Arizona ştatında keçirilən Savage Jackal hərbi təlimləri zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 120 milyon dollar dəyərində olan "MV-22 Osprey" tipli helikopter-təyyarədə (konvertoplan) yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, məlumata görə, hadisə mühərriklər işə salınarkən, aparat hələ havaya qalxmadan qeydə alınıb. Alov sağ mühərriki və pərin fırlanma mexanizmini bürüyüb. Ekipaj vaxtında uçuş aparatını tərk etdiyindən xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
"MV-22 Osprey" həm helikopter kimi şaquli qalxıb-enə, həm də təyyarə kimi yüksək sürətlə uça bilən hibrid uçuş aparatıdır. O, uzun illərdir ABŞ Silahlı Qüvvələrinin ən mübahisəli aviasiya vasitələrindən biri hesab olunur. Yüksək qəza riski, mürəkkəb istismarı və texniki problemlərinə görə dəfələrlə tənqid edilən bu aparatlarla bağlı son onilliklərdə baş vermiş qəza və hadisələrdə 60-dan çox amerikalı hərbçi həlak olub. Bu səbəbdən onların uçuşları bir neçə dəfə müvəqqəti dayandırılıb.
Təxminən 20 milyard dollara başa gələn 25 illik layihə nəticəsində hazırlanan "MV-22 Osprey" bütün mübahisələrə baxmayaraq, ABŞ Dəniz Piyada Korpusu və digər hərbi bölmələr tərəfindən istifadə olunmağa davam edir.
Bizimyol.info






