Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvadakı görüşdən sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə keçə bilər
Moskvadakı görüşdən sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə keçə bilər

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşü son aylarda normallaşma mərhələsinə daxil olan ikitərəfli münasibətlərin növbəti mühüm diplomatik sınağı kimi qiymətləndirilir. Gündəmdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və 2022-ci il Müttəfiqlik Bəyannaməsinin icrası kimi strateji məsələlərin yer alması tərəflərin münasibətləri institusional əsasda möhkəmləndirmək niyyətini göstərir.

Bu görüşün nəticələri təkcə Bakı-Moskva münasibətlərinin deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşmasına təsir göstərə biləcək əhəmiyyət daşıyır.

  • Münasibətlərin "tam normallaşdığı" bəyan olunsa da, bu görüş Bakı ilə Moskva arasında strateji etimadın həqiqətən bərpa olunduğunu göstərəcək, yoxsa bu, yalnız diplomatik nəzakət çərçivəsində atılan növbəti addımdır?

Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu səfərin münasibətlərə müsbət təsiri ola bilər. Belə ki, bu səfərdən 3-4 gün öncə, yəni IV Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya-Azərbaycan münasibətləri ilə bağlı verilən sualı cavablandırarkən bildirdi ki, münasibətlərdə artıq tam normallaşma mövcuddur və müsbət dinamika var.

Politoloqun fikrincə, Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri bu müsbət dinamikanı daha da möhkəmləndirməyə xidmət edə bilər.

“Biz yaxşı bilirik ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr kifayət qədər dinamik inkişaf etməkdədir. Ticarət dövriyyəsi artıq 4 milyard dolları ötüb ki, bu da iqtisadi əlaqələrdə müsbət dinamikadan xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində də qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında ənənəvi sahələrdə, yəni ticarət və humanitar sahələrdə müsbət dinamika qorunmaqdadır. Eyni zamanda, o, bu əlaqələrdə nəqliyyat sahəsini də xüsusi vurğuladı. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində və digər layihələrdə birgə iştirakı önə çəkdi”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, ölkə Prezidenti qeyd etdi ki, Rusiya ilə Azərbaycan münasibətləri həm ikitərəfli format üçün, həm də daha geniş coğrafiya üçün əhəmiyyətlidir. Bu da ondan xəbər verir ki, tərəflər münasibətlərin normal məcrada inkişaf etdirilməsində maraqlıdırlar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da bildirib ki, bu səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eyni zamanda regional və beynəlxalq proseslər müzakirə olunacaq.

Elşad Mirbəşiroğlu hesab edir ki, bu səfər, ölkə Prezidentinin də vurğuladığı kimi, münasibətlərdə mövcud olan müsbət dinamikanın qorunmasına və daha da gücləndirilməsinə xidmət edəcək.

“Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri qonşu ölkələrlə dinc və mehriban qonşuluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Düşünürəm ki, həm Rusiyada, həm də Azərbaycanda münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində maraq mövcuddur. Tərəflər arasında dialoq mühitinin aktual saxlanılması həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına cavab verir. Azərbaycan xarici işlər naziri ilə Rusiya xarici işlər naziri arasında baş tutacaq görüşün də Azərbaycanla Rusiya arasında dialoq mühitinə müsbət təsir göstərəcəyi qənaətindəyəm”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »