ABŞ Konqresində İsrailə hərbi yardımın dayandırılması ilə bağlı keçirilən səsvermə Demokrat Partiyası daxilində dərin fikir ayrılığını üzə çıxarıb. Təklif qəbul edilməsə də, 100-dən çox demokratın yardımların əleyhinə səs verməsi Vaşinqtonun Yaxın Şərq siyasətində yeni siyasi xəttin formalaşa biləcəyinə dair müzakirələri gücləndirib. Bir tərəf İsrailin təhlükəsizliyinin ABŞ-ın strateji maraqlarının ayrılmaz hissəsi olduğunu müdafiə edir, digər tərəf isə Qəzzadakı humanitar vəziyyət fonunda hərbi dəstəyin davam etdirilməsini sual altına alır.
- ABŞ daxilində İsrail siyasəti ətrafında dərinləşən bu fikir ayrılığı Vaşinqtonun Yaxın Şərqdəki strateji mövqeyini və müttəfiqləri ilə münasibətlərini uzunmüddətli perspektivdə necə dəyişə bilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu səsvermə göstərir ki, ABŞ-da İsrailə dəstək artıq əvvəlki kimi tam ikipartiyalı konsensus mövzusu deyil. Bununla belə, bunu ABŞ-ın İsrail siyasətində kəskin dönüş kimi qiymətləndirmək hələ tezdir. Konqresdə İsrailin təhlükəsizliyini dəstəkləyən güclü çoxluq qalmaqdadır. Lakin Demokrat Partiyası daxilində, xüsusilə gənc seçicilər və partiyanın mütərəqqi qanadı arasında Qəzzadakı humanitar vəziyyətlə bağlı narahatlıqlar siyasi qərarlara getdikcə daha çox təsir göstərməyə başlayır.
Politoloqun fikrincə, uzunmüddətli perspektivdə bu tendensiya Vaşinqtonun İsrailə hərbi yardımını tam dayandırmasa da, həmin yardımların müəyyən şərtlərlə əlaqələndirilməsi, insan hüquqları və beynəlxalq humanitar hüquq məsələlərinin daha çox gündəmə gətirilməsi ilə nəticələnə bilər. Bu isə ABŞ-ın Yaxın Şərq siyasətində daha balanslı görünmək cəhdlərini gücləndirə bilər. Digər tərəfdən, İsrail ABŞ daxilində siyasi mübahisələrin predmetinə çevrildikcə, Vaşinqton-Təl-Əviv münasibətlərində müəyyən taktiki fikir ayrılıqları da arta bilər.
Anar İsayev hesab edir ki, bu vəziyyətdən ilk növbədə İran siyasi və informasiya baxımından faydalanmağa çalışacaq. Tehran ABŞ və İsrail arasında yaranan fikir ayrılıqlarından öz mövqeyinin gücləndiyini göstərmək üçün istifadə edə bilər. Rusiya və Çin də ABŞ-ın regiondakı nüfuzunun zəiflədiyi barədə narrativi gücləndirməyə, regional tərəfdaşlarla münasibətlərini genişləndirməyə çalışa bilərlər. Eyni zamanda, HƏMAS və Hizbullah kimi silahlı qruplar da ABŞ daxilindəki mübahisələrdən öz təbliğatlarında istifadə etməyə cəhd göstərə bilərlər.
Bununla belə, hazırkı mərhələdə ABŞ-ın İsraillə strateji tərəfdaşlığının əsaslarının sarsıldığını demək doğru olmaz.
“ABŞ-ın hərbi, kəşfiyyat və texnoloji əməkdaşlığı, eləcə də İsrailin ABŞ-ın Yaxın Şərq strategiyasındakı rolu hələ də mühüm əhəmiyyət daşıyır. Buna görə də daha real ssenari münasibətlərin qırılması deyil, daxili siyasi müzakirələrin fonunda dəstəyin forması və şərtləri ətrafında debatların güclənməsidir”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






