Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Qafqaz uğrunda görünməyən savaş: Böyük güclər nəyi bölüşür?
Cənubi Qafqaz uğrunda görünməyən savaş: Böyük güclər nəyi bölüşür?

Cənubi Qafqaz bu gün təkcə üç ölkənin yerləşdiyi coğrafiya deyil, həm də enerji marşrutlarının, nəqliyyat dəhlizlərinin və geosiyasi maraqların kəsişdiyi strateji məkandır. Məhz buna görə ABŞ, Rusiya, Avropa İttifaqı, Türkiyə və digər güclər regionda təsir imkanlarını artırmağa çalışırlar. Burada baş verən hər siyasi dəyişiklik təkcə regionun deyil, daha geniş beynəlxalq güc balansının formalaşmasına da təsir göstərir.

  • Cənubi Qafqaz uğrunda mübarizədə həqiqi hədəf region ölkələrinin təhlükəsizliyi və inkişafıdır, yoxsa bu coğrafiya sadəcə böyük güclərin qlobal hesablaşmalarında istifadə olunan strateji şahmat taxtasıdır?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənubi Qafqaz bu gün böyük güclərin maraqlarının toqquşduğu məkan olsa da, məsələnin mahiyyəti təkcə "kim regiona nəzarət edəcək?" sualı deyil. Əsl mübarizə gələcəyin enerji xətlərinə, ticarət marşrutlarına, təhlükəsizlik arxitekturasına və siyasi təsir imkanlarına sahib olmaq uğrundadır. Bu səbəbdən regionda atılan hər addım Vaşinqtonda, Moskvada, Brüsseldə, Ankarada və digər paytaxtlarda diqqətlə izlənilir. Bununla belə, Cənubi Qafqazı yalnız böyük güclərin şahmat taxtası kimi təqdim etmək də doğru yanaşma deyil.

"Şahmat taxtasında fiqurların taleyini oyunçular müəyyən edir, beynəlxalq siyasətdə isə region dövlətləri düzgün strategiya seçdikdə öz oyunlarını özləri qura bilirlər. Son illər baş verən proseslər göstərir ki, regional aktorların təşəbbüskarlığı və milli maraqlara söykənən siyasəti qlobal güclərin planlarına ciddi təsir göstərə bilir", – deyə Elman Telmanoğlu bildirib.

O hesab edir ki, əgər region ölkələri xarici güclərin rəqabətinin alətinə çevrilərlərsə, Cənubi Qafqaz uzun müddət geosiyasi qarşıdurmaların meydanı olaraq qalacaq. Əksinə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşarsa, böyük güclərin rəqabəti region üçün investisiya, tranzit və iqtisadi inkişaf imkanlarına çevrilə bilər.

"Ona görə də əsas sual "Cənubi Qafqaz uğrunda kim mübarizə aparır?" deyil. Əsas sual budur: region dövlətləri öz taleyini özləri müəyyən edəcəklər, yoxsa başqalarının geosiyasi ssenarilərinin icraçısı olacaqlar? Məhz bu sualın cavabı Cənubi Qafqazın gələcək onilliklərdə sabitlik və inkişaf məkanı, yoxsa qlobal güclərin rəqabət xətti olacağını müəyyənləşdirəcək", – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »