ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasının üzvlərinin yarıdan çoxu milli təhlükəsizlik xərcləri haqqında qanun layihəsi çərçivəsində İsrailə 3,3 milyard dollar həcmində hərbi yardım ayrılmasının əleyhinə səs verib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Nümayəndələr Palatasındakı 212 demokratdan 104-ü qanun layihəsinə edilən düzəlişlər vasitəsilə İsrailə ayrılması nəzərdə tutulan vəsaitin azaldılmasına çalışıb. Respublikaçıların səsləri də nəzərə alındıqda, həmin düzəlişlər 314 səsə qarşı 104 səslə rədd edilib. Bununla belə, agetlik bildirir ki, demokratların bu mövqeyi partiya daxilində İsrailə və Baş nazir Benyamin Netanyahunun hökumətinə dəstək məsələsində dərin fikir ayrılıqlarının olduğunu göstərir.
Agentliyin vurğuladığına görə, Demokratlar Partiyası ənənəvi olaraq İsrailə dəstək verən siyasi qüvvə kimi çıxış edib. Lakin son illərdə Qəzza zolağı, Livan və İranda baş verən hərbi əməliyyatlar fonunda partiyanın sol qanadı güclənib və İsrailin xarici siyasətinə dəstəyin əleyhinə daha fəal mövqe nümayiş etdirməyə başlayıb.
Bundan əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, altı amerikalı senator demokrat həmkarlarını milli müdafiə xərcləri haqqında qanun layihəsinin müzakirəsini dayandırmağa çağırıb. Onlar sənəddə İsrailə hərbi yardımın genişləndirilməsini nəzərdə tutan müddəalara etiraz ediblər.
Bizimyol.info






