ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin açıqlanması zamanı Ağ Evin ictimaiyyətlə əlaqələr işini lazımi səviyyədə qura bilmədiyini etiraf edib.
Bizimyol.info xəbər verir ki, Vens bu barədə amerikalı podkast aparıcısı Coy Roqanın proqramında danışıb.
"Tam səmimi deyirəm, Epşteyn işi ilə bağlı ictimaiyyətlə əlaqələr işində uğursuz olduq", – deyə o bildirib. Vitse-prezident vurğulayıb ki, bu uğursuzluğun səbəbi hansısa məlumatı gizlətmək cəhdi olmayıb.
Vensin sözlərinə görə, ABŞ-ın baş prokuroru Pam Bondi mövcud sənədlərin həcmi barədə reallığı əks etdirməyən açıqlamalar vermişdi. Sonradan Donald Tramp administrasiyası müəyyən edib ki, yeni məlumatların sayı gözlənildiyi qədər çox deyil. Bu isə ictimaiyyətin etimadına mənfi təsir göstərib. Bundan əlavə, sənədlərin açıqlanması prosesi planlaşdırıldığından daha uzun çəkib.
"Ümumilikdə bütün bu sənədləri açıqladıq. Bu, lazım olduğundan daha çox vaxt apardımı? Bəli", – deyə vitse-prezident bildirib.
Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluğun məlumatına görə, o, 2002–2005-ci illərdə Manhettendəki evinə onlarla azyaşlı qızın gətirilməsini təşkil edib. Həmin qızlardan ən kiçiyinin 14 yaşı olub.
Epşteynin yaxın çevrəsində ABŞ və digər ölkələrin hazırkı və sabiq yüksək vəzifəli şəxsləri, iri iş adamları, eləcə də şou-biznes nümayəndələri yer alırdı. Ona qarşı cinayət təqibi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Bizimyol.info






