“13 iyul tarixində işinə başlayan IV Şuşa Qlobal Media Forumunda türkiyəli nümayəndənin sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan–Türkiyə münasibətlərinə toxunaraq qeyd edib ki, Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək əsas mesaj yalnız dostluq və qardaşlıq mesajıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb.
O bildirib ki, dünyada eyni dilə, dinə və mədəniyyətə malik xalqların mövcud olmasına baxmayaraq, bəzi hallarda həmin xalqlar arasında qarşıdurmalar, münaqişələr və düşmənçilik halları müşahidə olunur. Azərbaycan və Türkiyə münasibətləri isə tarixdən gələn qardaşlıq, qarşılıqlı hörmət və sarsılmaz həmrəylik prinsipləri üzərində qurulub.
“"Bir millət, iki dövlət" fəlsəfəsi və "Sizin sevinciniz sevincimiz, sizin kədəriniz kədərimizdir" anlayışı bu münasibətlərin əsasını təşkil edir.
Beş il əvvəl Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Bu sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm hüquqi baza yaradıb”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tarix boyu çətin günlərdə bir-birinin yanında olub. Ölkələrimizin təhlükəsizliyinə və maraqlarına qarşı hər hansı təhdid yarandığı halda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilməsi bu müttəfiqliyin əsas xüsusiyyətlərindən biridir.
Deputatın fikrincə, bu gün Azərbaycan–Türkiyə münasibətləri yalnız təhlükəsizlik və siyasi əməkdaşlıqla məhdudlaşmır. İki qardaş ölkəni birləşdirən Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, yaşıl enerji layihələri və qarşılıqlı investisiyalar regionun inkişafına, xalqlarımızın rifahına və Avropa ilə Asiya arasında bağlantıların güclənməsinə mühüm töhfə verir.
“Azərbaycanın beynəlxalq platformalarda Türkiyəyə göstərdiyi dəstək də bu qardaşlığın nümunəsidir. Avropa Siyasi Birliyinin toplantısında Türkiyənin iştirak etmədiyi şəraitdə Türkiyəyə qarşı səsləndirilən ittihamlara cavab olaraq Prezident İlham Əliyevin "Türkiyə burada yoxdursa, mən varam" mövqeyi iki ölkə arasındakı həmrəyliyin bariz ifadəsi olub”, – deyə Azər Badamov vurğulayıb.
Onun sözlərinə görə, eyni şəkildə Türkiyə də beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini, ərazi bütövlüyünü və milli maraqlarını ardıcıl şəkildə dəstəkləyir.
Azərbaycan–Türkiyə qardaşlığı təkcə siyasi maraqlara deyil, ortaq tarixə, dəyərlərə və xalqlarımızın iradəsinə əsaslanır. Bu möhkəm birlik və qarşılıqlı etimad hər iki ölkəni daha güclü edir, regional sülhə, sabitliyə və əməkdaşlığa mühüm töhfə verir.
İradə Cəlil, Bizimyol.info






