Avropa İttifaqı (Aİ) Ukraynaya 2026–2027-ci illər üçün ayrılmış 60 milyard avroluq hərbi maliyyə proqramı çərçivəsində Böyük Britaniyadan silah almağa icazə verməyə hazırlaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ Böyük Britaniya hökuməti ilə razılaşmanın yekun mərhələsindədir. Saziş qüvvəyə minərsə, Britaniya müdafiə şirkətləri də Ukrayna üçün nəzərdə tutulan Avropa hərbi maliyyə proqramından faydalana biləcəklər.
Agentliyin məlumatına əsasən, Avropa Komissiyası Böyük Britaniyadan tələb edir ki, Ukrayna Avropa vəsaiti hesabına Britaniya istehsalı olan silahları almaq istədiyi hər bir halda London da həmin sifarişlərin maliyyələşdirilməsində iştirak etsin.
Bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Toma Renye bildirmişdi ki, Brüsselin Ukraynaya ayırdığı hərbi maliyyə proqramı “Avropadan al” prinsipi əsasında fəaliyyət göstərir. Bu qaydaya əsasən, Ukraynanın proqram çərçivəsində bağladığı bütün silah alış müqavilələri əvvəlcə Avropa Komissiyasının təsdiqindən keçməlidir.
Yalnız Ukraynanın ehtiyac duyduğu silah növləri və ya onların analoqları Avropa bazarında mövcud olmadıqda, Avropa Komissiyası Kiyevə həmin məhsulları digər ölkələrin istehsalçılarından almaq üçün icazə verə bilər.
Bizimyol.info






