Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yerləşdiyi ölkədən asılı olmayaraq istənilən atom elektrik stansiyasına (AES) qarşı hücumların yolverilməz olduğunu bəyan edib.
Bizimyol.info xəbər verir ki, o, Rusiyanın dövlət nüvə korporasiyası "Rosatom"un rəhbəri Aleksey Lixaçovla keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu mövqe həm BMT Təhlükəsizlik Şurasında, həm də BAEA İdarəçilər Şurasında müzakirə olunur.
“Vermək istədiyim mesaj çox aydın və vacibdir: heç bir atom elektrik stansiyasına qarşı hücum mümkün və qəbulolunan deyil”, – deyə Qrossi vurğulayıb.
BAEA rəhbəri qeyd edib ki, bu prinsip bütün nüvə obyektlərinə şamil olunur və burada heç bir fərq qoyulmur. “İstər Zaporojye AES-i, istər Buşehr AES-i, istər Baraka, istərsə də Kursk AES-i olsun – mənim üçün onların arasında heç bir fərq yoxdur”, – deyə o bildirib.
Qrossi əlavə edib ki, hazırda BAEA İranın Buşehr Atom Elektrik Stansiyasına qarşı hər hansı hücumu müşahidə etmir və belə məlumatları təsdiqləmir. Onun sözlərinə görə, BAEA "Rosatom" ilə birlikdə Buşehrdəki vəziyyəti yaxından izləyir və bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır.
“İstənilən nüvə obyektinin fiziki toxunulmazlığının qorunması nüvə təhlükəsizliyinin əsas prioritetidir. Atom obyektlərinin fiziki bütövlüyünə yönələn hər hansı təsir tamamilə qəbuledilməzdir”, – deyə BAEA baş direktoru vurğulayıb.
Bizimyol.info






