ABŞ-ın Florida ştatında Prezident Donald Trampın şərəfinə adlandırılan Palm-Biç Beynəlxalq Hava Limanı xidmət və texniki məlumatların ötürülməsində yeni DJT kodundan istifadə etməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hava limanının dispetçer xidmətləri təyyarə heyətlərinə və digər aidiyyəti qurumlara ünvanlanan xidməti məlumatları artıq yeni "DJT" kodu ilə göndərir. Bildirilir ki, bu dəyişiklik hava limanının adının dəyişdirilməsindən sonra həyata keçirilib.
Məlumatlarda hava limanının yeni adı – "President Donald J. Trump International, West Palm Beach" – də istifadə olunur.
Mənbə əlavə edib ki, radiorabitə vasitəsilə ötürülən məlumatlarda da hava limanı artıq yeni adı ilə təqdim edilir.
İyulun 9-dan etibarən Palm-Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq Donald Tramp Beynəlxalq Hava Limanı adlandırılıb. Gözlənilir ki, hava limanındakı lövhələrin və interyerin yenilənməsi bir neçə həftə çəkəcək, xidməti məqsədlər üçün istifadə olunan kodun tam şəkildə dəyişdirilməsi isə avqustun 18-də başa çatacaq.
ABŞ prezidentinin oğlu Erik Tramp da bildirib ki, adı dəyişdirilən hava limanına enən ilk təyyarə Donald Trampa məxsus və "Trump Force One" adlandırılan "Boeing 757" olub.
Xatırladaq ki, Florida Senatı fevral ayında Trampın Palm-Biçdəki iqamətgahının yaxınlığında yerləşən hava limanının ABŞ liderinin şərəfinə adlandırılmasını təsdiqləmiş, daha sonra ştatın qubernatoru Ron DeSantis bu qərarı imzalayıb.
Bizimyol.info






