İspaniyanın Milli Kəşfiyyat Mərkəzi (İMK) Hərbi Dəniz Qüvvələrinin serjantını rusiyalı qadınla evliliyini və Rusiya vətəndaşlığı almasını gizlətdiyinə görə məxfi məlumatlara çıxış hüququndan məhrum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, İspaniyanın Milli Məhkəməsi İMK-nin qərarını qüvvədə saxlayıb. Radioelektron mübarizə üzrə mütəxəssis olan və sualtı qayıqda xidmət edən serjantla bağlı məhkəmə qərarında bildirilir ki, o, İspaniya hipotetik olaraq Rusiya ilə silahlı münaqişəyə qoşulacağı təqdirdə, belə bir əməliyyatda iştirak etməməyi xahiş edəcəyini deyib. Məhkəmə bu bəyanatı əsas götürərək serjantın İspaniyaya sədaqəti ilə bağlı şübhələrin yarandığı qənaətinə gəlib. Qərar hələ yekun xarakter daşımır. Hərbçinin vəkili qəzetə bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək.
2025-ci il fevralın 6-da İMK-nin direktoru Esperansa Kasteleyro serjantın "NATO Secret" (NATO-nun məxfi məlumatları) səviyyəli məxfi məlumatlara çıxış icazəsini ləğv edib. Yoxlamalar zamanı maraqlar toqquşması və məxfi məlumatların qorunması baxımından risklərin mövcud olduğu müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, serjant 2023-cü ilin dekabrında Türkiyədə Rusiya vətəndaşı ilə evləndiyini İMK-yə bildirməyib. Məxfi məlumatlara çıxış icazəsi olan şəxslər ailə vəziyyətlərində baş verən mühüm dəyişikliklər barədə Milli Kəşfiyyat Mərkəzini məlumatlandırmağa borcludurlar.
Qəzetin məlumatına görə, əvvəlcə Ukrayna vətəndaşı olan, sonradan İspaniya vətəndaşlığı alan serjant Rusiya vətəndaşlığı əldə etdiyini də gizlədib.
Serjant İMK-nin qərarından məhkəməyə şikayət edib. Onun vəkilinin sözlərinə görə, Rusiya vətəndaşlığına malik olması, məhkəmə prosesi başladıqdan sonra imtina etdiyi bu vətəndaşlıq, özlüyündə onun İspaniyaya sədaqətsiz olduğunu göstərmir.
Bizimyol.info






