Dünən Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə NATO-nun 36-cı Liderlər Zirvəsi işə başlayıb. İki gün davam edəcək toplantıda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, alyansa üzv ölkələrin liderləri müdafiə xərcləri, Ukraynaya dəstək, Avropa təhlükəsizliyi və müdafiə sənayesinin gücləndirilməsi kimi əsas məsələləri müzakirə edirlər. Zirvə çərçivəsində Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı mümkün irəliləyiş və Ankaranın NATO-da artan strateji rolu da diqqət mərkəzindədir.
- Ankara Zirvəsi Türkiyənin NATO daxilindəki mövqeyini gücləndirəcək və F-35 proqramına qayıdış üçün real dönüş nöqtəsi olacaqmı?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO sammitinin Türkiyədə keçirilməsi olduqca mühüm hadisədir və Ankaranın alyans daxilində artan nüfuzunu bir daha nümayiş etdirir. Onun sözlərinə görə, rəsmi Ankara son dövrlərdə prinsipial və müstəqil siyasət yürüdərək həm regional, həm də qlobal proseslərdə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
"Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ABŞ administrasiyası ilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə hökuməti arasında kifayət qədər isti və konstruktiv münasibətlər formalaşıb. Bu münasibətlər təkcə ABŞ–Türkiyə əməkdaşlığının inkişafı baxımından deyil, həm də NATO daxilində həmrəyliyin möhkəmlənməsi və alyansın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır", – deyə o bildirib.
Politoloq vurğulayıb ki, Türkiyə artıq regionun əsas geosiyasi oyunçularından birinə çevrilib və NATO-nun bölgədəki strategiyasının həyata keçirilməsində açar dövlət rolunu oynayır. Bu baxımdan Ankara sammitinin məhz Türkiyədə keçirilməsi təsadüfi deyil və ölkənin alyans daxilində artan nüfuzunun göstəricisidir.
"Türkiyənin F-35 proqramına mümkün qayıdışına gəldikdə isə, Donald Trampın son dövrlərdə Ankara ilə bağlı verdiyi müsbət açıqlamalar göstərir ki, Tramp administrasiyası bu məsələyə əvvəlki dövrlərlə müqayisədə daha müsbət yanaşır. Bu da Türkiyənin F-35 proqramına yenidən qoşulması və strateji hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən irəliləyişlərin mümkün olduğunu deməyə əsas verir", – deyə o əlavə edib.
Politoloq bildirib ki, son dövrlərdə ABŞ ilə İsrail arasında, xüsusilə də Benyamin Netanyahu hökuməti ilə Tramp administrasiyası arasında bəzi məsələlər üzrə fikir ayrılıqlarının müşahidə olunması Vaşinqtonun Türkiyəyə münasibətinə də müəyyən təsir göstərə bilər.
"Əgər əvvəllər ABŞ-ın Türkiyə siyasətində İsrail amili daha çox nəzərə alınırdısa, hazırkı geosiyasi şəraitdə Vaşinqtonun Ankara ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğu görünür", – deyə politoloq fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






