Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.
İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli AQTA-nın bu qərarını tənqid edib. O “Facebook” səhifəsində yazıb: “Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi “loser”ə çevirən səhvlərin təkraralanması”.
Natiq Cəfərli daha sonra deyib:
“Əl çəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?!
Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?! Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keçməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq”.
İqtisadçı vurğulayır ki, belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır.
- AQTA-nın bu tələbini iqtisadi baxımdan necə dəyərləndirirsiniz?
- Bu qərar ət qiymətlərinə və sahibkarların xərclərinə necə təsir göstərəcək?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu cür standartlar bazarda istehsal mühitinin yaranmasına müsbət təsir göstərə bilər: “İxtisaslaşdırılmış nəqliyyat vasitələrinin tətbiqi qısa müddətdə heyvan idxalı ilə məşğul olan sahibkarlar üçün əlavə xərc yarada bilər. Xüsusilə bu sahədə fəaliyyət göstərən kiçik şirkətlər yeni tələblərə uyğun avtomobil almaq, mövcud nəqliyyat vasitələrini yenidən təchiz etmək və ya xüsusi xidmətlərdən istifadə etmək məcburiyyətində qala bilərlər. Bu da müəyyən qədər logistika xərclərinin artmasına səbəb ola bilər. Lakin iqtisadi baxımdan məsələyə yalnız əlavə xərc prizmasından yanaşmaq düzgün olmaz. Beynəlxalq standartlara uyğun daşınma heyvanların sağlamlığının qorunmasına, daşınma zamanı tələfatın və xəstəlik riskinin azalmasına, nəticədə isə daha səmərəli tədarük zəncirinin formalaşmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu cür standartlar bazarda daha sabit və təhlükəsiz istehsal mühitinin yaranmasına müsbət təsir göstərə bilər”.
Akif Nəsirli vurğulayıb ki, nəqliyyat standartlarının sərtləşdirilməsi bu amillərdən yalnız biridir: “Ət qiymətlərinə gəlincə, bu qərarın müəyyən təsiri olsa da, onun qiymətlərdə kəskin bahalaşma yaradacağını söyləmək üçün əsas yoxdur. Ətin qiyməti yem xərcləri, idxal qiymətləri, yanacaq, logistika, valyuta məzənnəsi, bazardakı tələb və təklif kimi çoxsaylı amillərin təsiri altında formalaşır. Nəqliyyat standartlarının sərtləşdirilməsi bu amillərdən yalnız biridir və ümumi qiymətə təsiri nisbətən məhdud ola bilər.
Akif Nəsirli əlavə edib: “Bununla belə, belə tələblər tətbiq edilərkən keçid dövrünün müəyyənləşdirilməsi və sahibkarların yeni qaydalara uyğunlaşmasına şərait yaradılması vacibdir. Əks halda, xüsusilə kiçik və orta sahibkarlar üçün əlavə maliyyə yükü yarana bilər. Buna görə də həm qida təhlükəsizliyi standartlarının qorunması, həm də biznesin rəqabət qabiliyyətinin saxlanılması arasında balansın təmin olunması ən optimal yanaşma hesab edilə bilər”.
Günel Həsənova, Bizimyol.info






