Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu ilə Tramp arasında fikir ayrılığı: Vaşinqtonun üstün mövqeyi nə vəd edir?
Netanyahu ilə Tramp arasında fikir ayrılığı: Vaşinqtonun üstün mövqeyi nə vəd edir?

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla zaman-zaman fikir ayrılıqları yaşadıqlarını təsdiqləyib. O bildirib ki, hər iki lider ilk növbədə öz ölkələrinin milli maraqlarını rəhbər tutur. Bununla yanaşı, Netanyahu əsas məsələlərdə İsrail ilə ABŞ arasında strateji həmrəyliyin davam etdiyini vurğulayıb.

  • Bəs Netanyahu ilə Tramp arasında vaxtaşırı yaranan fikir ayrılıqları ABŞ–İsrail strateji tərəfdaşlığının gələcəyinə necə təsir göstərə bilər?

Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ ilə İsrail arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları daha açıq şəkildə müşahidə olunur.

Onun sözlərinə görə, bu fikir fərqləri xüsusilə Qəzzanın bərpası, Livanda Hizbullaha qarşı həyata keçirilən əməliyyatlar, eləcə də İranla mümkün nüvə sazişi ətrafında özünü göstərir.

"Son günlər isə Türkiyəyə F-35 qırıcılarının və KAAN layihəsi üçün mühərriklərin verilməsi məsələsinin də İsrailin Baş naziri Benyamin Netanyahunun narazılığına səbəb olduğu bildirilir. Bu isə ilk baxışdan ABŞ–İsrail münasibətlərində yeni gərginlik təsiri bağışlasa da, əslində bunu daha çox Donald Tramp ilə Benyamin Netanyahu arasında siyasi fikir ayrılığı kimi qiymətləndirmək daha doğru olardı", – deyə Aydın Quliyev bildirib.

Politoloqun fikrincə, ABŞ ilə İsrail arasındakı münasibətlər dövlətlərarası strateji tərəfdaşlıq xarakteri daşıyır və onilliklər ərzində formalaşmış dərin siyasi, hərbi və təhlükəsizlik əlaqələrinə söykənir. Buna görə də iki ölkə arasındakı münasibətlərin qısa müddətdə ciddi şəkildə pozulacağını və ya qırılacağını düşünmək real görünmür. Mövcud vəziyyət daha çox iki siyasi lider arasında yanaşma fərqlərinin nəticəsi kimi qiymətləndirilə bilər.

"Hazırkı şəraitdə Donald Tramp dünyanın ən güclü dövlətlərindən birinin prezidenti kimi daha geniş siyasi imkanlara malikdir. Buna görə də belə fikir ayrılıqları davam edərsə, üstün mövqedə məhz Vaşinqton olacaq. ABŞ-ın Netanyahunun bəzi mövqelərinə görə İsraillə strateji münasibətlərini zəiflətməsi və ya onlardan imtina etməsi gözlənilən deyil", – deyə Aydın Quliyev vurğulayıb.

O bildirib ki, zərurət yaranacağı təqdirdə ABŞ üçün İsrail daxilində siyasi dəyişikliklərin baş verməsinə təsir göstərə biləcək müxtəlif demokratik və siyasi mexanizmlər mövcuddur. Onun fikrincə, seçkilər nəticəsində hakimiyyət dəyişikliyi baş verərsə, Vaşinqton üçün İsraillə strateji əməkdaşlığı davam etdirmək iki ölkə arasındakı fundamental münasibətləri zədələməkdən daha məqsədəuyğun olardı.

Aydın Quliyevin sözlərinə görə, Netanyahunun uzun illərdir İsrail siyasətinin əsas fiqurlarından biri olması və son dövrlərdə bəzi məsələlərdə ABŞ administrasiyasının siyasəti ilə ziddiyyət təşkil edən mövqelər nümayiş etdirməsi Vaşinqtonda narahatlıq yarada bilər. Xüsusilə Yaxın Şərqdə yeni təhlükəsizlik və sülh layihələrinin həyata keçirilməsi fonunda İsraildə siyasi dəyişiklik ehtimalı ABŞ-ın maraqları baxımından əvvəlki dövrlərlə müqayisədə daha real görünə bilər.

"Bu baxımdan, baş verənləri ABŞ–İsrail münasibətlərinin böhranı kimi deyil, daha çox Donald Tramp ilə Benyamin Netanyahu arasında yaranmış siyasi fikir ayrılığı kimi qiymətləndirmək daha məqsədəuyğundur. Əgər bu ziddiyyətlər uzun müddət davam edərsə, nəticədə Netanyahunun hakimiyyətdən getməsi, istefası və ya seçkilər yolu ilə siyasi səhnədən kənarlaşması ehtimalı arta bilər. Belə bir ssenari həm də gələcək İsrail rəhbərliyi üçün ABŞ ilə münasibətlərin hansı çərçivədə qurulmalı olduğuna dair siyasi mesaj və nümunə rolunu oynaya bilər", – deyə Aydın Quliyev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »