İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-ın son hərbi əməliyyatlarına qətiyyətli cavab veriləcəyini açıqlayıb. Qərargah eyni zamanda Hörmüz boğazının idarə olunmasına hər hansı xarici müdaxiləyə imkan verməyəcəklərini bəyan edib.
Bizimyol.info xəbər verir ki, İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, komandanlıq bildirib ki, ABŞ-ın həyata keçirdiyi hücumlar və "terror xarakterli fəaliyyətlər" cavabsız qalmayacaq.
"İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ-ın təcavüzünə və terror xarakterli hərəkətlərinə qətiyyətli cavab verəcək və heç bir halda onların Hörmüz boğazının işlərinə müdaxilə etməsinə və bu strateji su yolunu idarə etməsinə imkan verməyəcək", – deyə bəyanatda vurğulanıb.
Bəyanat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının İrana qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlamasından sonra səsləndirilib.
Mərkəzi Komandanlıq daha əvvəl bildirmişdi ki, ABŞ qüvvələri Hörmüz boğazında üç ticarət gəmisinə qarşı İran tərəfindən həyata keçirildiyi iddia olunan hücumlara cavab olaraq İran ərazisində bir sıra hərbi hədəflərə güclü zərbələr endirib.
İran tərəfi isə ABŞ-ın iddialarını qəbul etməyərək, ölkənin suverenliyini və milli təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımların atılacağını bəyan edib. ABŞ tərəfindən İran Silahlı Qüvvələrinin son açıqlamasına hələlik rəsmi münasibət bildirilməyib.
Bizimyol.info






