Türkiyə NATO üzvü olan ölkələrin rəhbərlərini qəbul etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçılarının 36-cı Sammiti çərçivəsində 32 ölkənin lideri ilə görüşlər keçirəcək.
Prezident Sarayında baş tutacaq görüşlərdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstan Prezidenti Rumen Radev, Monteneqronun Baş naziri Miloyko Spayiç, NATO-nun Baş katibi Mark Rütte və Avropa Şurasının Prezidenti Antonio Koşta da iştirak edəcəklər.
Sammit çərçivəsində iyulun 7-də Ərdoğanın ABŞ Prezidenti Donald Trampla təkbətək görüş keçirməsi və daha sonra birgə mətbuat konfransı təşkil etməsi gözlənilir.
Həmin gün axşam Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə Prezident Administrasiyasında rəsmi ziyafət verəcəklər.
İyulun 8-də Türkiyə Prezidenti sammit iştirakçılarını tədbirin keçirildiyi məkanda qarşılayacaq. Daha sonra liderlərin ənənəvi ailə fotosu çəkiləcək. NATO-nun Baş katibi Mark Rüttenin açılış nitqindən sonra Ərdoğan və digər liderlər çıxış edəcəklər.
İclas başa çatdıqdan sonra Ərdoğan, ABŞ Prezidenti Donald Tramp və bəzi digər liderlərin Beştəpə Millət Sərgi Salonunda ayrı-ayrılıqda mətbuat konfransı keçirməsi planlaşdırılır.
Sammitdə NATO-nun müdafiə xərclərinin artırılması istiqamətində atılan addımlar, alyansın çəkindirmə və müdafiə potensialının gücləndirilməsi, Avro-Atlantik məkanına yönələn təhdidlər, risklər və təhlükəsizlik çağırışları geniş müzakirə olunacaq.
Bundan başqa, Ukraynadakı vəziyyət və NATO-nun cənub cinahında son dövrlərdə baş verən hadisələr də liderlərin gündəmində yer alacaq.
Ankaradakı sammitdə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, 100-ə yaxın nazir, çoxsaylı yüksəkvəzifəli diplomat, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Bizimyol.info






