Tehrandakı İmam Xomeyni Müsəllasının günbəzi üzərində qırmızı bayrağın yenidən qaldırılması İranda təkcə dini-siyasi simvol deyil, həm də intiqam və sərt cavab mesajı kimi qəbul edilir. Bununla yanaşı, ali dini lider Əli Xameneinin vida mərasimində milyonlarla insanın iştirakı ölkə daxilində həm matəm ovqatını, həm də hakimiyyət ətrafında formalaşan siyasi həmrəyliyi nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir. Bu fonda gözlənilən izdihamlı dəfn mərasimi regionda yeni gərginlik ehtimallarını yenidən gündəmə gətirib.
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə hərbi gərginliyin qısa müddətdə səngiyəcəyini gözləmək üçün ciddi əsaslar yoxdur.
"Son onilliklər ərzində Yaxın Şərq dünyanın ən həssas və ən münaqişəli bölgəsinə çevrilib. Müxtəlif miqyaslı hərbi əməliyyatlar, kütləvi zorakılıqlar və böyük dövlətlərin regionda nüfuz uğrunda apardıqları amansız rəqabət hələ də davam edir. İran ətrafında baş verən son hadisələr isə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırıb, sülh perspektivlərini zəiflədib.
İranın ali dini lideri Əli Xameneinin ABŞ–İsrail koalisiyasının hava zərbələri nəticəsində öldürülməsi regionda son dərəcə mürəkkəb vəziyyət formalaşdırıb və radikal əhval-ruhiyyəni daha da gücləndirib. Vida mərasimində milyonlarla insanın iştirakı, yüzə yaxın ölkədən nümayəndələrin Tehrana gəlməsi göstərdi ki, Təl-Əviv və Vaşinqtonun İran daxilində rejim əleyhinə kütləvi etirazlar yaradacağına dair gözləntiləri özünü doğrultmadı. Əksinə, bu mənzərə hakimiyyət ətrafında konsolidasiyanın baş verdiyini nümayiş etdirdi.
Radikal şiə dairələri və ali dini liderin tərəfdarları hazırda qisas və intiqam çağırışlarını ön plana çıxarırlar. Tehrandakı İmam Xomeyni Müsəllasının günbəzi üzərində qırmızı bayrağın yenidən qaldırılması da məhz bu mesajın simvolik ifadəsidir", – deyə politoloq qeyd edib.
Əli Orucovun sözlərinə görə, belə bir psixoloji və siyasi atmosferdə ABŞ-la danışıqlar aparmaq İran hakimiyyəti üçün asan olmayacaq.
"İntiqam və qisas ovqatının hakim olduğu bir şəraitdə kompromisə getmək daxili təzyiqi artırır. Bununla belə, unutmaq olmaz ki, qırmızı bayraq ötən il baş vermiş 12 günlük müharibə zamanı da qaldırılmışdı. Buna baxmayaraq, sonradan tərəflər arasında müəyyən təmaslar və danışıqlar baş tutmuşdu. Həmin prosesin dayanmasına səbəb isə İran deyil, ABŞ-ın mövqeyi olmuşdu.
Ümid etmək olar ki, bütün bu gərginliyə baxmayaraq, Yaxın Şərqdə zorakılıq və müharibələr nəhayət səngiyəcək, diplomatik kanallar yenidən işə düşəcək və regionda sabitliyin bərpası istiqamətində real addımlar atılacaq", – deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






