Rusiya ərazisi gecə saatlarında genişmiqyaslı dron və raket hücumuna məruz qalıb. Belqorod şəhərində "Qazprom"un filiallarından birinə zərbə endirildiyi, Moskva istiqamətində isə yüzlərlə pilotsuz uçuş aparatının (PUA) hərəkət etdiyi bildirilir.
Bizimyol.info xəbər verir ki, Moskva merinin verdiyi məlumata görə, axşam saatlarından səhər saat 06:00-dək Moskva vilayəti istiqamətində 430-dan çox PUA qeydə alınıb.
Onun sözlərinə görə, pilotsuz aparatların böyük hissəsi hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən şəhərə çatmadan məhv edilib. Mer əlavə edib ki, Moskva yaxınlığında daha 36 PUA vurulub.
Bu arada Belqorod sakinləri şəhərdə çoxsaylı partlayış səslərinin eşidildiyini bildiriblər. Vilayət rəhbərliyi bölgənin kütləvi raket hücumuna məruz qaldığını açıqlayıb.
Daha sonra vilayət qubernatoru enerji infrastrukturuna zərbə endirildiyini və obyektlərdən birində yanğın baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, hücumdan sonra Belqorod şəhəri və bir neçə rayonda elektrik enerjisi və su təchizatı kəsilib.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, zərbə endirilən obyektlərdən biri "Qazprom Transqaz Moskva" şirkətinin Belqorod Xətti Magistral Qaz Kəmərləri İstehsalat İdarəsi olub. Bu müəssisə Belqorod vilayətində magistral qaz kəmərlərinin istismarı və istehlakçıların təbii qazla təmin edilməsinə cavabdehdir.
Xatırladaq ki, iyulun 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Yaroslavl vilayətində yerləşən ən iri neft emalı zavodlarından biri olan "Slavneft-YaNOS" müəssisəsinə də zərbə endirib. Bundan başqa, "NOVATEK-Ust-Luqa" neft emalı kompleksi və Leninqrad vilayətinin Luqa yaşayış məntəqəsi yaxınlığında yerləşən Rusiyanın 26-cı raket briqadasının daimi dislokasiya məntəqəsinin də hücuma məruz qaldığı bildirilir.
Ukrayna Baş Qərargahı daha sonra dövlət sərhədindən təxminən 2 500 kilometr məsafədə yerləşən Omsk Neft Emalı Zavodunun da vurulduğunu açıqlayıb.
Bizimyol.info






