Fransa Prezidenti Emmanuel Makron Paraqvay senatorunun irqçi ifadələrinə məruz qalan Fransa millisinin kapitanı Kilian Mbappeyə dəstəyini ifadə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində paylaşdığı mesajda yazıb.
"Mbappedən növbəti qol. Bu dəfə irqçiliyə qarşı. Ona tam dəstəyimi bildirirəm. İnsanları sözlərlə alçaltmağa çalışanda, bizim cavabımız dəyərlərimizdir – ləyaqət, hörmət və qardaşlıq", - deyə o bildirib.
Qalmaqal Fransa ilə Paraqvay arasında keçirilən və fransızların 1:0 hesablı qələbəsi ilə başa çatan futbol üzrə dünya çempionatının 1/8 final oyunundan sonra baş verib. Matçın yeganə qolunu vuran Mbappe Paraqvay senatoru Selesta Amarillanın irqçi təhqirlərinə məruz qalıb.
Hadisədən sonra Fransa Futbol Federasiyası senatorun açıqlamalarını qəbuledilməz adlandıraraq prokurorluğa müraciət etdiyini açıqlayıb.
Paraqvay hökuməti də senatorun sözlərini pisləyib. Ölkənin Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda bu cür ifadələrin dinc birgəyaşayışın əsas dəyərləri və prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
27 yaşlı Kilian Mbappe 2024-cü ildən İspaniyanın "Real Madrid" klubunda çıxış edir. O, Madrid təmsilçisi ilə İspaniya Superkubokunu və FİFA Qitələrarası Kubokunu qazanıb.
Fransa millisinin heyətində isə Mbappe 2018-ci il dünya çempionatının qalibi, 2022-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Bizimyol.info






