Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Budanov: “Ukrayna heç kimdən ultimatum qəbul etməyəcək” — Kiyev-Varşava gərginliyi artır
Budanov: “Ukrayna heç kimdən ultimatum qəbul etməyəcək” — Kiyev-Varşava gərginliyi artır

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib ki, Kiyev Polşanın heç bir ultimatumunu qəbul etməyəcək.

Bizimyol.info xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna" agentliyinə müsahibəsində Ukrayna ilə Polşa arasında yaranan gərginliyin nə dərəcədə təhlükəli olması ilə bağlı suala cavab verərkən danışıb.

“Ukrayna bu dünyada heç kimdən ultimatum qəbul etməyəcək. Bizimlə ultimatum dili ilə danışmaq lazım deyil”, – deyə o bildirib.

Budanov hesab edir ki, iki ölkə arasındakı münaqişənin ən yüksək həddi hələ qarşıdadır və gərginliyin artmasında təşəbbüs Polşa tərəfdən gələcək.

“Bu, hələ qarşıdadır. Burada böyük sirr yoxdur. İyulun 11-nə – Volın faciəsinin ildönümünə bir həftədən də az vaxt qalıb. Məndə olan məlumata görə, onlar (polşalılar) mənim fikrimcə, yetişməmiş bir sıra eskalasiya addımları hazırlayırlar”, – deyə Budanov əlavə edib.

İki ölkə arasında gərginlik iyun ayında Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi qərarından sonra yaranıb.

Polşada Ukrayna Üsyan Ordusunun (UPA) üzvləri 1943-cü ildə Volın bölgəsində 100 mindən çox polşalının öldürülməsinə görə məsuliyyət daşıyan şəxslər kimi qiymətləndirilir.

Bu məsələ ilə bağlı Polşa Prezidenti Karol Navrotski Zelenskini Ağ Qartal ordenindən məhrum edib. Bundan sonra bir sıra ukraynalı məmurlar Polşanın dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar.

Həmçinin Ukraynanın üç keçmiş prezidenti də daha əvvəl aldıqları Polşanın Ağ Qartal ordenlərini geri qaytarmaq qərarına gəliblər. Buna cavab olaraq bəzi Polşa vətəndaşları da Ukraynadan aldıqları dövlət mükafatlarını geri təhvil veriblər.

Gərginlik fonunda Zelenski iyunun 25-26-da Qdansk şəhərində keçirilən Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdən imtina edib.

Bundan əlavə, Ukrayna Prezidenti Ukrayna qəhrəmanlarının xatirə kompleksinin yaradıldığını açıqlayıb. Ukrayna Ali Radası isə iyulun 1-də milli xatirə kompleksi haqqında qanun qəbul edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »