ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil "F-35" qırıcılarının satışına icazə verməyə hazır olduğunu bildirəcəyi gözlənilir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın bu qərarı Konqresin Türkiyəyə "F-35" satışını qadağan edən məhdudiyyətlərini hansı mexanizmlə aşacağı hələlik məlum deyil. ABŞ administrasiyasındakı mənbələr hesab edir ki, Türkiyənin "F-35" proqramına qayıdış prosesinə başlamaq üçün iki ölkə lideri rəsmi məktublar mübadiləsi apara bilər.
Məlumata görə, Tramp iyulun 7-də NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Bununla yanaşı, amerikalı rəsmilər Ağ ev rəhbərinin son anda mövqeyini dəyişə biləcəyini də istisna etmirlər.
Xatırladaq ki, iyunun sonunda "Euractiv" portalı ABŞ-ın Türkiyəyə "F-35" qırıcılarının satışını yenidən gündəmə gətirə biləcəyini yazmışdı. Bildirilirdi ki, bunun üçün Ankara Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərindən imtina etməli, lakin onları Rusiyaya qaytarmamalı, əvəzində üçüncü ölkəyə satmalıdır.
ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan "S-400" zenit-raket kompleksləri aldığına görə "F-35" proqramından çıxarmışdı. Vaşinqton hesab edirdi ki, Türkiyə hər iki sistemi eyni vaxtda istifadə etməklə "F-35" qırıcılarının zəif cəhətləri barədə məlumat toplaya bilər.
Türkiyəyə "F-35" qırıcılarının verilməsinə İsrail və NATO üzvü olan Yunanıstan da etiraz edir. Hər iki ölkə bəhanə edir ki, bu addım regionda mövcud hərbi qüvvələr balansını poza bilər.
Bizimyol.info






