Ukrayna hakimiyyəti Rusiya və Belarus ərazisində olan ölkə vətəndaşlarının seçkilərdə səs verməsini qadağan etməyi nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Karaseviç məlumat verib.
Onun sözlərinə görə, işçi qrupun müzakirələri zamanı müxtəlif fikirlər səsləndirilib. “Biz variantlardan biri kimi, məsələn, Rusiya Federasiyası və ya Belarus Respublikası ərazisində olan bütün vətəndaşlara səsvermə imkanı verilməməsini təklif etdik,” – deyə o, “Levy Bereq” nəşrinə müsahibəsində bildirib.
Karaseviç hesab edir ki, belə halda Ukrayna vətəndaşları səs vermək üçün ölkəyə qayıtmalıdırlar. “Qoy onlar Ukraynaya gəlib səs versinlər. Yaxud Mərkəzi Seçki Komissiyası sərhədə yaxın ərazilərdə xüsusi seçki məntəqələri təşkil edə bilər,” – deyə o əlavə edib.
Eyni zamanda qeyd olunur ki, Vladimir Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. Lakin Kiyev hərbi vəziyyətin davam etdiyini əsas gətirərək yeni seçkilərin keçirilməsini mümkün saymır.
Bundan əlavə, 19 dekabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin “ilin yekunları” tədbirində Rusiyada yaşayan 5–10 milyon ukraynalının Ukraynada keçiriləcək seçkilərdə səsvermə hüququna malik olmalı olduğunu bildirib.
Bizimyol.info






