Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hər gün həyata keçirdiyi hücumlar cavabsız qalmayacaq və Ukrayna buna mütəmadi şəkildə qarşılıq verməyə davam edəcək. O qeyd edib ki, bu reaksiyanın əsasında həm Ukrayna cəmiyyətinin, həm də onun şəxsi olaraq hiss etdiyi haqlı qəzəb dayanır.
Zelenskinin sözlərinə görə, Rusiya vətəndaşları hələ də Kremlin başladığı müharibənin real nəticələrini və yaratdığı ağır fəsadları tam şəkildə hiss etməyiblər. Prezident vurğulayıb ki, Ukrayna bundan sonra da cavab tədbirlərini davam etdirəcək və bu tədbirlərin təsiri zaman keçdikcə daha da güclənəcək.
Siyasi şərhçi Aydın Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində yaxın perspektivdə geri dönüş və ya dayandırılma ehtimalı görünmür.
Hazırkı vəziyyət göstərir ki, tərəflərin geri çəkilməsi və ya atəşkəs barədə razılığa gəlməsi hələlik real görünmür. Bu səbəbdən, nə qədər ağır və acı olsa da, müharibənin bundan sonra daha sərt və dağıdıcı formada davam edəcəyi ehtimalı daha yüksək qiymətləndirilir.
Aydın Quliyevin sözlərinə görə, xüsusilə G7 ölkələrinin son sammitindən sonra Ukraynaya hərbi dəstəyin gücləndirilməsi barədə yekdil mövqenin ortaya qoyulması bu qənaəti daha da möhkəmləndirir. Onun fikrincə, sammitdən sonra Ukraynanın hərbi potensialını nümayiş etdirən yeni imkanların təqdim olunması diqqət çəkir.
“Ukrayna artıq 2700 kilometrədək məsafəyə uça bilən - hardasa Sibirə qədər uça biləcək pilotsuz uçuş aparatlarını sınaqdan çıxardı, nümayiş etdirdi. Eyni zamanda, 3000 kilometrə qədər məsafəni vura bilən ballistik raketlərin də sərgilənməsi ondan xəbər verir ki, həm Rusiyada, həm də Ukraynada müharibənin daha sərt xarakter almasına yönəlmiş siyasi və hərbi iradə var. Ukrayna Prezidenti Volodimir Zelenskinin "Rusiya cəmiyyəti müharibənin ağrı-acısını hələ tam hiss etməyib" fikri də məhz bu kontekstdə dəyərləndirilə bilər.
Görünür, Ukrayna Rusiyanın daha dərin ərazilərini, hətta Sibirə qədər hədəf almaq imkanlarını genişləndirməyə çalışır”, – deyə A.Quliyev bildirib.
Onun sözlərinə görə, indiyədək, əsasən, Rusiyanın sərhədə yaxın və ya nisbətən yaxın bölgələri zərbələrə məruz qalırdısa, bundan sonra ölkənin minlərlə kilometr dərinliyində yerləşən hədəflərin vurulması ehtimalı artır. Bu isə müharibənin nəticələrinin Rusiya cəmiyyətində daha qabarıq hiss olunmasına səbəb ola bilər.
Aydın Quliyev hesab edir ki, G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın da Rusiyaya münasibətində müəyyən dəyişikliklər hiss olunur. Xüsusilə Rusiyaya qarşı sanksiyaların yenidən sərtləşdirilməsi ilə bağlı səslənən fikirlər və Rusiyanın neft ixracına tətbiq olunan bəzi güzəştlərin müddətinin uzadılmaması Moskva üçün yeni iqtisadi çətinliklərin yaranacağından xəbər verir.
Siyasi şərhçinin qənaətincə, bütün bu proseslər müharibənin yaxın dövrdə dayanmasından daha çox, yeni və daha ağır mərhələyə keçəcəyini göstərir. Bu mərhələdə həm Ukrayna, həm də Rusiya daha ciddi itkilərlə üzləşə bilər.
“Baş verə biləcək daha ağır nəticələrin qarşısını almağın yeganə yolu, hansı şərtlərlə əldə olunmasından asılı olmayaraq, heç olmasa, müvəqqəti atəşkəsə nail olmaqdır. Lakin hazırda həm Moskvanın, həm də Kiyevin irəli sürdüyü şərtlər atəşkəsə yaxınlaşmaqdan daha çox, müharibənin növbəti mərhələsini qızışdırmağa xidmət edir”, – deyə Aydın Quliyev vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






