Azərbaycanın qeyri-neft-qaz ixracatında 2026-cı ilin ilk dörd ayında kəskin iqtisadi artım baş verib. Rəsmi statistikaya görə, qeyri-neft ixracı 4,7 milyard dollara yüksəlib.
Bu isə, əvvəlki dövrlə müqayisədə 4,4 dəfə artım deməkdir.
İlk baxışdan bu dinamika ölkənin iqtisadi şaxələndirmə strategiyasının uğurlu nəticəsi kimi görünür. Lakin göstəricilərin strukturuna daha dərindən baxdıqda artımın mahiyyətinin daha mürəkkəb olduğu aydınlaşır.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu yüksəlişin əsas hissəsi işlənmiş və yarıişlənmiş qızılın ixracı hesabına formalaşıb.
Təkcə qızıl ixracından əldə olunan gəlir 3,6 milyard dollara yaxınlaşıb və ümumi artımın əsas lokomotivi rolunu oynayıb.
Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracında da müəyyən artım müşahidə olunub. Xüsusilə meyvə-tərəvəz, pambıq və şəkər ixracının genişlənməsi qeyri-neft sektorunda real istehsal dinamikasının mövcudluğunu göstərir.
Lakin bu artımların ümumi ixrac strukturundakı payı hələlik məhdud olaraq qalmaqdadır.
Bu situasiyada iki əsas sual ortaya çıxır.
Birincisi, bu artım uzunmüddətli iqtisadi şaxələnmə üçün dayanıqlı baza yaradırmı? İkincisi, qeyri-neft ixracatında müşahidə olunan sıçrayış real sektorun güclənməsindən xəbər verir, yoxsa iqtisadi strukturun bir neçə dəyişkən və iri həcmli məhsuldan asılılığını daha da artırır?
Əli Səlimov deyir ki, ixrac artımının əsas hissəsinin qızıl hesabına formalaşması struktur baxımından mühüm bir məqamdır.
Qızılın beynəlxalq bazarlarda qiymətinin yüksək olması və ixrac siyasətində aktivlik qısa müddətdə böyük valyuta axını yaratsa da, bu artımın sabit və davamlı xarakter daşıması əsas məsələdir.
Qızıl kimi qiymətli metalların qiymətləri beynəlxalq iqtisadi və maliyyə şərtlərindən asılı olaraq kəskin dəyişə bildiyi üçün ixrac göstəricilərinin də volatilliyi artır.
Bu isə o deməkdir ki, ümumi ixrac artımı real istehsalın genişlənməsindən daha çox bazar şəraitinin nəticəsi ola bilər.
Başqa bir tərəfdən isə, kənd təsərrüfatı və emal sənayesində müşahidə olunan artımlar müsbət tendensiya kimi qiymətləndirilməlidir.
Meyvə-tərəvəz məhsullarının ixracının genişlənməsi, pambıq və şəkər kimi məhsullarda artım ölkədə qeyri-neft sektorunun müəyyən sahələrində istehsal potensialının artdığını göstərir.
Bu, xüsusilə regionların iqtisadi fəallığı və aqrar sektorun inkişafı baxımından əhəmiyyətlidir. Lakin bu sahələrin ümumi ixrac strukturunda hələ də dominant mövqe tutmaması onların sistemli və dərin transformasiya mərhələsinə keçməsində ləngimələrin olduğunu göstərir.
“Birinci suala cavab olaraq qeyd etmək olar ki, indiki artım tam mənada dayanıqlı şaxələnmənin nəticəsi kimi qiymətləndirilməməlidir. Artım real iqtisadi bazanın genişlənməsi ilə yanaşı, yüksək dərəcədə bir məhsul üzərində cəmləşdiyi üçün struktur asılılıq elementi saxlanılır. Bu isə uzunmüddətli perspektivdə risk yaradır. Xüsusilə beynəlxalq bazarlarda qiymət dəyişiklikləri və ixrac həcmlərində mümkün enişlər ümumi göstəricilərə ciddi təsir göstərə bilər”-deyən Əli Səlimov vurğulayıb ki, mövcud vəziyyət ümumilikdə müsbət dinamika ilə xarakterizə olunur və həm cari nəticələr, həm də perspektiv baxımından mühüm imkanlar yaradır.
İqtisaçının fikrincə, bir tərəfdən, qeyri-neft sektorunda real artım müşahidə olunur ki, bu da iqtisadi diversifikasiyanın artıq ilkin mərhələdən daha irəli keçdiyini və tədricən struktur xarakter almağa başladığını göstərir.
Başqa bir tərəfdən isə, ixrac strukturunun təkcə bir neçə sahə ilə məhdudlaşmaması istiqamətində müsbət tendensiyalar formalaşır və bu, iqtisadiyyatın daha dayanıqlı və çevik modelə doğru inkişaf etdiyini təsdiqləyir.
Əli Səlimov hesab edir ki, kənd təsərrüfatı və emal sənayesində artımın davam etməsi, qeyri-neft ixrac bazasının genişlənməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu proseslər də iqtisadiyyatın diversifikasiya istiqamətində ardıcıl və mərhələli şəkildə möhkəmləndiyini göstərir.
“Qeyri-neft ixracatında qeydə alınan kəskin artım Azərbaycanın iqtisadi inkişaf trayektoriyasında mühüm mərhələdir və qısa müddətdə müsbət makroiqtisadi təsirlər yaradır. Mövcud dinamika daha çox qızıl ixracının təsiri ilə formalaşan statistik sıçrayış və real sektorun müəyyən sahələrindəki parçalı inkişafın birləşməsindən ibarətdir. Uzunmüddətli iqtisadi sabitlik və dayanıqlı artım üçün isə ixrac strukturunun daha geniş məhsul bazasına söykənməsi və yüksək əlavə dəyərli istehsal sahələrinin inkişafı həlledici rol oynayacaq”-deyə Əli Səlimov bildirib.
İradə Cəlil,Bizimyol.info






