Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix 22 iyun tarixində Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun tarixli qərarına kəskin etiraz bildirilib. Azərbaycan tərəfi bu qərarı ədalətsiz, qərəzli və beynəlxalq hüquqa zidd hesab etdiyini vurğulayıb. Görüşdə “DQR” kimi ifadələrin və mübahisəli terminologiyanın işlədilməsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə zidd olduğu qeyd edilib. Rəsmi Bakı bu qərarı rədd etdiyini və öz maraqlarını qorumaq üçün bütün hüquqi və diplomatik vasitələrdən istifadə edəcəyini bildirib.
Bu cür məhkəmə qərarları regional siyasi gərginliyi daha da artırır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyo.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun tarixində qəbul etdiyi qərar və bu qərarda Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, separatçı qurumun hüquqi subyekt kimi verilməsi Azərbaycanın narazılığına səbəb olub.
O deyib ki, bu qərar hüquqi qərar deyil, bir növ siyasi qətnamədir. Ona görə də bu mövqeyə qarşı Azərbaycan bütün siyasi, diplomatik və hüquqi vasitələrdən istifadə edərək bu qərarın qüvvədən düşməsi üçün cəhdlər edə bilər: “Ən birincisi, qəbul edilən qərar siyasi və diplomatik xarakter daşıdığı üçün və Azərbaycan üzərində təzyiq yaratmaq imkanlarının hesablandığı üçün məsələnin daha çox siyasi, diplomatik tərəfinə diqqət yetirilməlidir və bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi də fəaliyyət göstərib”.
Deputat bildirib ki, sırf hüquqi kontekstdə bu qərarı ləğv etdirməyə çalışılarsa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından Böyük Palataya yenidən şikayət vermək olar, lakin bu yorucu və çox ağır prosedurdur və bunu başa çatdırmaq çətin görünür.
O deyib ki, Böyük Palatada da İnsan Hüquqları Məhkəməsinin davamı kimi oxşar qərarlar qəbul oluna bilər və ya ümumiyyətlə iş icraata götürülməyə bilər.
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu qərar separatçılığı yenidən dirçəltməyə hesablanıb. İnsan hüquqlarını bəhanə edərək Ermənistan və Azərbaycan arasında əldə edilməkdə olan sülh prosesini pozmaq, regionda yeni münaqişə yaratmaq məqsədi daşıyır”-deyən deputatın sözlərinə görə, bu əvvəlcədən düşünülmüş, bəzi Avropa ölkələrinin siyasi mövqeyini əks etdirən bir qərardır və elə buna görə də sifarişli qərar kimi qiymətləndirilə bilər.
Deputat bildirib ki, bu qərar Azərbaycana hər hansı məcburi təsir və ya diktə edə bilməz, ancaq Ermənistan tərəfindən istinad edilərək Azərbaycana qarşı müəyyən ittihamlar səsləndirilə bilər ki, bu da sülh prosesinə ziyan verə bilər.
Sonda o deyib ki, Azərbaycan artıq etimadını itirmiş İnsan Hüquqları Məhkəməsindən ədalətli mövqe gözləməməli, lakin bütün hallarda mübarizəsini davam etdirməlidir.
İradə Cəlil, Bizimyol.info






