Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naib Niftəliyev: “Azərbaycan cəmiyyəti üçün yaxın 20 ildə daha problemli bir vəziyyət yarana bilər”
Naib Niftəliyev: “Azərbaycan cəmiyyəti üçün yaxın 20 ildə daha problemli bir vəziyyət yarana bilər”

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 11422 nikaha daxilolma və 6443 boşanma hallarını qeydə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

“2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb, - deyə məlumatda bildirilib.

  • Bunun qarşısını almaq üçün nələr edilir?
  • Bu ictimai, mədəni çöküş gələcəyimizi və ailə institumuzu təhlükə altına almayıbmı?
  • Möhkəm ailələrin sirri nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Naib Niftəliyev bildirib ki, insanlar getdikcə ailə həyatını öz inkişaflarına, münasibətlərinə, mövcudluqlarına bir təhlükə kimi görməyə başlayıblar: “Hazırkı statistika, təbii ki, müəyyən bir narahatlıq doğurur və bütün bu faktlar onu göstərir ki, Azərbaycanda boşanma tendensiyası müəyyən mənada öz arealını genişləndirməkdə davam edir. Bu tendensiya dırnaqarası müsbət olaraq qalır. Əgər 4 ay ərzində 11422 nikah faktı, bunun müqabilində 6443 boşanma faktı varsa, bu artıq 60 % -ə yaxın bir boşanma göstəricisi deməkdi. Hər 10 nikah müqabilində 6 boşanma faktı baş verir, bu da, təbii ki, ümumilikdə yanvar - may ayları ilə müqayisə apardıqda, kifayət qədər həyəcan doğuracaq mənfi hal sayıla biləcək bir göstəricidir.

Ölkənin makroiqtisadi və iqtisadi- sosial inkişafının göstəricilərinə biz diqqət yetirdikdə, belə bir faktor heç də xoşagələn, adekvat bir cavab sayıla bilməz. Burda statistika onu göstərir ki, insanlar getdikcə daha çox fərdi şəkildə problemlərini həll etməyə, yaxud ailə həyatını öz inkişaflarına, münasibətlərinə, mövcudluqlarına bir təhlükə kimi görməyə başlayıblar.

Başqa bir tərəfdən hər 1000 nəfərə düşən boşanma sayı ümumilikdə azalsa belə, eyni zamanda nikahların sayı da azalıb. Boşanmalarda cüzi azalma var. Ümumilikdə artım tempi qalır, bu, kəskin yerdəyişmə deyil. Çünki ümumi tendensiya boşanmaların statistikasında kəskin artım olduğunu göstərir. Say qismən azala bilər, yəni evliliklər müqabilində baş verən boşanmaların sayının artması ümumi artım tendensiyanın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir”.

Naib Niftəliyev daha sonra deyib: “Bunun qarşısının alınması üçün görülən tədbirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə daxil olan məsələlərdir. Buraya maarifləndirici tədbirlərin həyata keçirilməsi, psixososial müdaxilə konsepsiyalarının tətbiqi, eləcə də, ailə ilə iş üzrə xüsusi modellərin hazırlanaraq dövlətə və cəmiyyətə təqdim olunması daxildir. Bu istiqamətdə müvafiq mexanizmlərin icrası, Ailə Məcəlləsinin təkmilləşdirilməsi və müxtəlif praktiki tədbirlərin gerçəkləşdirilməsi aidiyyəti dövlət qurumlarının üzərinə düşən vəzifədir”.

Naib Niftəliyev həmçinin vurğulayıb ki, cəmiyyət özünü mühafizə etməyə, öz dəyərlərini, ailə institutunu qorumağa və inkişaf etdirməyə çalışır: “Amma bir tərəfdən cəmiyyətin özündə də ictimai qınaq və sosial maarifləndirmə olmalıdır. Bu istiqamətdə qeyri-hökumət təşkilatlarının və peşəkarların üzərinə mühüm vəzifələr düşür. Təbii ki, ictimai, mədəni çöküşün bəzi əlamətləri var, yəni cəmiyyəti bu istiqamətdə qınamaq və ittiham etmək doğru deyil, cəmiyyət özünü mühafizə etməyə, öz dəyərlərini, ailə institutunu qorumağa və inkişaf etdirməyə çalışır. Yəni bacaradığını, gücü çatdığını edir, gücü çatıb - çatmadığı məsələlərdə isə dövlətin birbaşa müdaxiləsi və müəyyən sosial təhlükəsizlik, sosial müdafiə, sosial təminat məsələlərinin kompleks şəkildə işlənib hazırlanması zəruridir

Bu baxımdan sosial təhlükəsizlik hədəfləri ciddi bir təhlükə altındadır.

Əgər belə davam edərsə, Azərbaycan cəmiyyəti üçün yaxın 20 ildə daha problemli və qeyri - müəyyən bir vəziyyət yarana bilər. Xüsusən, ailə institutu, ailə qurmaq xoş xəyal və qeyri - müəyyyən bir vəziyyətə, tam nizamsız bir hala gələ bilər”.

Naib Niftəliyev əlavə edib: “Möhkəm ailələrin sirri çox sadədir: qarşılıqlı anlaşma, sədaqət, mövcud olana qane olub birgə yaşayışı, birgə hədəfləri müəyyənləşdirmək və davam etmək.

Düzdür iqtisadi motivlər bu və ya başqa formada təsir göstərir, amma insan özü müəyyən qədər reallıqla barışanda, vəziyyəti düzgün dəyərləndirəndə, ailə xoşbəxtliyini hədəf kimi görəndə, çox çətinliklərin, çox təhlükələrin öhdəsindən gələ bilir. Bunun üçün cəmiyyətin başqa institutları da ailə institutu ilə yanaşı- hüquq, səhiyyə, elm, təhsil, mədəniyyət, siyasət də sağlam və adekvat şəkildə fəaliyyət göstərməlidir. Yəni bir institutun düzgün təşkilatlanması və cəmiyyətin başqa struktur və qurumlarının adekvat fəaliyyəti əsas şərtlər sırasındadır.

Sağlam ailənin formalaşmasının sirri cəmiyyətin, dövlətin, sistemin və mədəni mühitin düzgün və balanslı şəkildə işləməsi ilə bağlıdır; iqtisadi motivlərin düzgün tənzimlənməsində və idarə edilməsindədir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »