Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Ukrayna üçün ABŞ-dan asılı olmayan yeni raketlər hazırlayır
Britaniya Ukrayna üçün ABŞ-dan asılı olmayan yeni raketlər hazırlayır

Böyük Britaniya Ukrayna üçün yeni nəsil uzaqmənzilli raketlərin hazırlanması üzərində işləyir. “Brakestop” adlı layihə çərçivəsində istehsal ediləcək raketlərin əsas xüsusiyyəti onların ABŞ texnologiyalarından və komponentlərindən tamamilə asılı olmamasıdır. Bu addım Londonun Ukraynaya hərbi dəstəyi daha müstəqil şəkildə davam etdirmək niyyətini göstərir.

Bizimyol.info xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, Böyük Britaniya hökuməti artıq layihə üzrə hazırlanmış üç prototipi təqdim edib. Raketlərin hazırlanmasında "MBDA UK", "MGI Engineering" və "Rotron Aerospace" şirkətləri iştirak edir. Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu sistemlər yaz aylarında uğurlu sınaqlardan keçib. İlin sonunadək həm Böyük Britaniyada, həm də Ukrayna ərazisində əlavə sınaqlar aparılacaq. Bundan sonra raketlərin Ukrayna ordusunun istifadəsinə verilməsi planlaşdırılır. Yeni silahların 2026-cı ilin sonuna qədər tam şəkildə silahlanmaya qəbul ediləcəyi gözlənilir.

Məlumata görə, layihənin ABŞ komponentləri olmadan hazırlanması məqsədli qərardır. Bunun əsas səbəbi Vaşinqtonun əvvəlki dövrdə Ukraynaya verilən uzaqmənzilli raketlərin istifadəsinə qoyduğu məhdudiyyətlərdir. ABŞ "ATACMS" və "Storm Shadow" raketlərinin Rusiya ərazisinin dərinliklərinə qarşı istifadəsinə ehtiyatla yanaşırdı. "Storm Shadow" raketlərində Amerika istehsalı olan istiqamətləndirmə sistemlərindən istifadə edildiyi üçün ABŞ bu silahların tətbiqi ilə bağlı qərarlarda təsir imkanına malik idi.

Yeni raketlərin "Storm Shadow" qədər yüksək dəqiqliyə malik olmayacağı bildirilir. Buna baxmayaraq, onların daha ucuz başa gələcəyi vurğulanır. Hazırda "Storm Shadow" raketinin qiyməti təxminən 1 milyon dollar təşkil edir. Yeni raketin isə döyüş başlığı istisna olmaqla təxminən 530 min dollara istehsal ediləcəyi planlaşdırılır.

Britaniya tərəfindən hazırlanan yeni raketin 500 kilometrədək məsafədə yerləşən hədəfləri vurmaq gücünə malik olacağı qeyd edilir. Raket bunker kimi möhkəmləndirilmiş obyektləri məhv etmək üçün nəzərdə tutulmasa da, 225 kiloqramlıq döyüş başlığının ciddi dağıdıcı təsir göstərəcəyi bildirilir. İstehsalçı şirkətlər ayda ən azı 40 raket istehsal etməyə hazır olduqlarını açıqlayıblar.

Böyük Britaniya son aylarda Ukraynaya hərbi dəstəyini genişləndirir. “Ramştayn” formatında keçirilən son görüş zamanı London Kiyevə yeni yardım paketi ayırdığını açıqlayıb. Yardım çərçivəsində Ukraynaya 150 min pilotsuz uçuş aparatı, 350 raket və hava hücumundan müdafiə sistemləri üçün radarların verilməsi nəzərdə tutulur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »