ABŞ-nin "The New York Times" (NYT) nəşri yazır ki, Ukraynanın Rusiyaya qarşı müharibədə real üstünlük qazanması üçün yalnız pilotsuz uçuş aparatları deyil, həm də ballistik raketlər həlledici rol oynaya bilər. Nəşrin fikrincə, məhz bu silahlar Kremlin hərbi planlarını yenidən nəzərdən keçirməsinə və ciddi danışıqlara məcbur edə bilər.
Bizimyol.info xəbər verir ki, məqalədə qeyd olunduğuna görə, Ukraynanın Moskvaya son genişmiqyaslı dron hücumları Kiyevin artıq Rusiyaya onun öz üsulları ilə cavab verə bildiyini göstərib. Lakin dronların effektivliyinə baxmayaraq, Ukraynanın hələ də dağıdıcı hava hücumlarının əsas elementi sayılan ballistik raketlərə ehtiyacı var.
NYT vurğulayır ki, ballistik raketlər yüzlərlə kiloqram partlayıcı daşıyır və onların yüksək sürəti hava hücumundan müdafiə sistemləri üçün ciddi problem yaradır. Bu isə dronlarla müqayisədə daha böyük dağıntılara səbəb olur.
Nəşrin yazdığına görə, Rusiya əsasən məhz ballistik raketlərlə Ukrayna şəhərlərinə təzyiq göstərir. Çünki cəbhədə ciddi irəliləyiş əldə edə bilməyən Moskva hava hücumlarını əsas təzyiq alətinə çevirib.
Bu səbəbdən Ukrayna son aylarda öz ballistik raket proqramını sürətləndirməyə çalışır. Ukraynanın müdafiə naziri Mixail Fyodorov bildirib ki, ölkə yaxın gələcəkdə öz raketlərini istehsal edib Rusiyaya qarşı istifadə etməyi planlaşdırır.
Ekspertlər isə xəbərdarlıq edir ki, ballistik raket istehsalı dronlardan qat-qat mürəkkəb və baha prosesdir. Kanada Qlobal Münasibətlər İnstitutunun müdafiə eksperti Yelena Krıjanovskaya hesab edir ki, Ukraynanın belə sistemləri qısa müddətdə yaratması çətin olacaq.
Bununla belə, Ukraynanın müdafiə şirkətləri artıq yeni layihələr üzərində işləyir. Xüsusilə "Fire Point Rocket Technology" şirkəti "FP-7" və "FP-9" adlı yeni ballistik raketlər hazırladığını açıqlayıb. Şirkətin rəhbəri Denis Ştilerman bildirib ki, "FP-7" artıq tam hazırdır, "FP-9"un isə sınaq buraxılışı bu yay keçiriləcək.
Məqalədə qeyd olunur ki, Ukrayna sovet dövründən raket istehsalı sahəsində müəyyən texnoloji baza miras alıb. Lakin SSRİ dağıldıqdan sonra bu potensialın böyük hissəsi itirilib.
NYT həmçinin diqqətə çatdırır ki, Rusiya son illər ballistik raket istehsalını ciddi şəkildə artırıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 2025-ci ildə Rusiya ayda orta hesabla 74 ballistik raket istifadə edib və onların təxminən üçdə ikisi Ukrayna hava müdafiəsini yararaq hədəfə çatıb.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, əgər Kiyev Moskva üçün real təhlükə yaradan raket proqramı qura bilsə, bu, Vladimir Putini yeni qərarlar verməyə məcbur edə bilər.
Bizimyol.info






