Planetdə temperaturun artması “hidroiqlim sıçrayışları” adlandırılan hadisələrin daha da çoxalmasına səbəb ola bilər. Bu, quraqlıqdan qəfil güclü yağıntılara və ya əksinə, intensiv yağışlardan quraqlığa sürətli keçidlərlə xarakterizə olunur. Belə nəticəyə Böyük Britaniyanın çay hövzələrində qlobal istiləşmənin təsirini araşdıran alimlər gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazır.
Mütəxəssislərin fikrincə, atmosfer isinməyə davam etdikcə daha çox rütubət saxlamaq qabiliyyəti qazanır ki, bu da ekstremal yağıntıları gücləndirir. Uzunmüddətli quraqlıqdan sonra quruyub bərkiyən torpaq suyu daha zəif hopdurur. Nəticədə güclü leysanlar səthi axınları, lokal daşqınları, torpaq eroziyasını və suyun keyfiyyətinin pisləşməsini daha tez-tez yaradır.
Nəmli dövrdən quraqlığa keçidlər də az təhlükəli hesab olunmur. Güclü yağışlar su ehtiyatlarının kifayət qədər olduğu təəssüratı yaratsa da, hava şəraitinin qəfil dəyişməsi qısa müddətdə su qıtlığına gətirib çıxara bilər.
Tədqiqatçılar Böyük Britaniyada yerləşən təxminən 700 çay hövzəsini analiz edərək qlobal temperaturun 2 və 4 dərəcə artacağı ssenarilər üzrə modelləşdirmə aparıblar. Nəticələr göstərib ki, həm quraqlıqdan rütubətli dövrə, həm də əks istiqamətdə keçidlərin sayı nəzərəçarpacaq dərəcədə artacaq. Bəzi bölgələrdə belə hadisələrin sayı XX əsrin sonu ilə müqayisədə iki dəfədən çox arta bilər.
Araşdırma müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi şəraitində daşqın və quraqlıqla mübarizənin ənənəvi üsulları artıq yetərli olmaya bilər. Onların fikrincə, ayrı-ayrı ekstremal hadisələrə deyil, bu hadisələrin ardıcıl şəkildə bir-birini əvəz etməsinə hazırlaşmaq, həmçinin su anbarları və regional uyğunlaşma proqramlarını inkişaf etdirmək vacibdir.
Amerikalı iqlimşünaslar 2026-cı ilin yayının tarixdə ən isti yaylardan biri ola biləcəyi barədə xəbərdarlıq ediblər. Proqnozlara görə, Yer kürəsində orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 1,9°C yüksək olacaq. Atmosferdə karbon qazının konsentrasiyası isə rekord həddə çatıb.
Alimlər bunu əsasən fosil yanacaqların yandırılması nəticəsində yaranan emissiyalarla əlaqələndirirlər. Bunun nəticəsində isə daha tez-tez istilik dalğaları, güclü fırtınalar və iri miqyaslı meşə yanğınları müşahidə olunur.
Bizimyol.info






