Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Kirill Budanov Polşanın ona verdiyi “Polşaya xidmətə görə” ordeninin Qızıl zabit xaçından imtina edib.
Bizimyol.info xəbər verir ki, Budanov bu qərarı sosial şəbəkə paylaşımında açıqlayıb.
O, Polşa prezidenti Karol Navrotski tərəfindən Ukrayna prezidenti Vladimir Zelenski üçün əvvəllər verilmiş “Ağ Qartal” ordeninin geri alınmasını “dost olmayan addım” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qərar Rusiya kimi “aqressora siyasi üstünlük qazandıra bilər”.
Budanov qeyd edib ki, Ukrayna və Polşa xalqları arasında tarixi münasibətlər mövcuddur və bu tarix “siyasi manipulyasiya alətinə çevrilməməlidir”. O, həmçinin ölkəsinin milli yaddaş və ləyaqət hüququna sahib olduğunu vurğulayıb.
O əlavə edib ki, Ukrayna Avropanın, o cümlədən Polşanın müdafiəsində ön cəbhədə mübarizə aparır və buna görə “ən ağır qiyməti ödəyir”. Buna baxmayaraq, Budanov müttəfiqlərlə açıq tərəfdaşlığın davam edəcəyini bildirib.
Məsələ Polşada da siyasi rezonans doğurub. Prezident Karol Navrotski qərarı əsaslandıraraq bildirib ki, “Ağ Qartal” ordeni Polşanın ən yüksək etimad simvoludur və tarixi məsələlər gələcək münasibətlərə mane olmamalıdır.
Bunun fonunda Ukrayna prezidenti Vladimir Zelenski 26 mayda imzaladığı sərəncamla UPA ilə bağlı bir hərbi bölməyə “Ukrayna Üsyançı Ordusunun qəhrəmanları” adının verilməsi Polşada narazılıq yaratmışdı. Keçmiş Polşa baş naziri Mateusz Moravyeski bu addımı tənqid edərək, iki ölkə arasında tarixi həssaslıqların nəzərə alınmasının vacibliyini vurğulamışdı.
Hazırkı hadisə Kiyev–Varşava münasibətlərində tarix və siyasi qiymətləndirmələr ətrafında yeni gərginlik mərhələsi kimi qiymətləndirilir.
Bizimyol.info






