İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani ABŞ Prezidenti Donald Trampın İran böhranında Avropa İttifaqı müttəfiqlərinin rolunu əhəmiyyətsiz göstərən açıqlamalarına cavab olaraq bildirib ki, İtaliya İranla müharibəyə qoşulmayacaq.
Bizimyol.info xəbər verir ki, bundan əvvəl Tramp İtaliyanın "La7" televiziya kanalına qısa müsahibəsində ABŞ-ın İranla müharibədə qalib gəldiyini və bunun üçün Avropa İttifaqı və “Böyük Yeddilik” üzrə müttəfiqlərinin köməyinə ehtiyac duymadığını demişdi.
“Biz bu müharibədə iştirak etməmişik və iştirak etməməli idik. Avropa prosesdə yer alır və öz töhfəsini verir. İtaliya Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Lakin biz İranla müharibəyə qoşulmamışıq, qoşulmuruq və qoşulmayacağıq”, – deyə Tayani bildirib.
İyunun 6-da İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə vilayətinə və Qərbi Bəkaa bölgəsinə intensiv zərbələr endirib. İyunun 7-də isə Beyrut ətrafında yerləşən şiə təşkilatı “Hizbullah”ın obyektinə hücum həyata keçirilib. İsrail tərəfinin iddiasına görə, bu addımlar “Hizbullah” silahlılarının İsrail ərazisini atəşə tutmasına cavab olaraq atılıb.
İyunun 7-si axşam İran Livandakı hadisələrə cavab olaraq İsrailin şimal bölgələrinə raket zərbələri endirib. Tehran daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrail Livanın paytaxtına hücum edərsə, cavab tədbirləri görüləcək.
İyunun 8-nə keçən gecə İsrail İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi obyektlərə cavab zərbələri endirib. Hücum nəticəsində Xuzistan vilayətindəki neft-kimya müəssisəsinin bəzi obyektlərinə ziyan dəyib. Səhər saatlarında İran da cavab olaraq İsrail ərazisini yenidən raket atəşinə tutub.
ABŞ-ın İrana endirdiyi zərbələr və Tehranın bölgədəki Amerika bazalarını bombalamasından sonra Tramp cümə axşamı bildirib ki, Vaşinqton İrana qarşı yeni hücumlar həyata keçirməyi və “çox da uzaq olmayan gələcəkdə” Xark adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirməyə cəhd göstərməyi planlaşdırır. Daha sonra isə ABŞ prezidenti İranla əldə olunan razılaşmalar səbəbindən planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb.
İyunun 11-də Ağ Evdə jurnalistlərə danışan Tramp qeyd edib ki, İranla bağlı yekun razılaşmanın bəzi müddəaları artıq danışıqlarda iştirak edən bütün tərəflərlə razılaşdırılıb. Bununla belə, o bildirib ki, saziş imzalanana qədər ABŞ qüvvələri İranın dəniz blokadasını davam etdirəcək.
Bizimyol.info






