Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qənaət haradan başlamalıdır: yuxarıdan, yoxsa sosial xərclərdən?
Qənaət haradan başlamalıdır: yuxarıdan, yoxsa sosial xərclərdən?

Macarıstan siyasətində diqqətçəkən bir addım atılıb. Ölkə parlamenti hökumətin, deputatların və ali dövlət rəhbərliyinin maaşlarının və inzibati xərclərinin azaldılmasını nəzərdə tutan qanunu yekdilliklə qəbul edib. Bu qərar təkcə rəqəmlərin dəyişməsi deyil, həm də siyasi mesaj kimi qiymətləndirilir.

Macarıstanda qəbul olunan yeni maliyyə paketi çərçivəsində dövlət aparatında “qənaət dövrü” başlanır. Ən çox diqqət çəkən məqam isə Baş nazirin maaşındakı ciddi endirimdir.

Rəsmi açıqlamalara görə, Peter Magyarın aylıq maaşı 7,8 milyon forintdən (təxminən 21,667 avro) 3,8 milyon forintə (təxminən 10,556 avro) endirilir. Bu isə maaşın yarıdan çox azalması deməkdir.

Qanun yalnız baş nazirin maaşı ilə məhdudlaşmır. Deputatların və parlament fraksiya rəhbərlərinin də gəlirləri 40 faiz azaldılır. Yeni sistemə əsasən, onların aylıq gəliri təxminən 3,690 avro səviyyəsinə düşəcək.

Eyni zamanda, bir sıra əlavə imtiyazlar da ləğv edilir. Deputatlara verilən mobil rabitə xərclərinin kompensasiyası tam dayandırılır, ofis kirayəsi və şəxsi köməkçi xərcləri üçün ayrılan büdcələr isə ciddi şəkildə azaldılır.

Hökumət bu addımı “büdcə intizamı” və “dövlət xərclərinin optimallaşdırılması” kimi izah edir. Rəsmi mövqeyə görə, qənaət edilən vəsait parlamentin illik saxlanma xərclərinə bərabər həcmdədir və bu, dövlət maliyyəsinin sabitliyinə töhfə verəcək.

Amma bu qərar təkcə iqtisadi addım kimi deyil, həm də siyasi siqnal kimi oxunur. Cəmiyyətə verilən mesaj isə aydındır: dövlətin yuxarı pilləsində də qənaət başlanır.

  • Azərbaycan qənaətə haradan başlamalıdır?
  • Deputatların, nazirlərin maaşından başlasaq necə olar?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,

“Tutaq ki, nazirlərin və deputatların maaşı azaldı. Əgər ölkədə orta maaş və ya təqaüdlər artmayacaqsa, amma qiymətlər qalxacaqsa, bunun nə mənası olacaq? Sadəcə eqomuzu təmin etmiş olacağıq ki, nazir və ya deputat əvvəlki maaşı almır.

Heç kimə sirr deyil ki, Azərbaycanda nazirlərin və deputatların əksəriyyətinin əsas gəlir mənbəyi təkcə maaş deyil. Onların çoxu hakimiyyətə yaxın ailələrin nümayəndələridir: kimisi icra strukturlarında çalışıb, kimisi başqa vəzifələrdən gəlib, kimisi də biznes sahəsindədir. Ona görə də onların əsas dolanışığı maaş deyil.

Orada elə bir neçə nəfər var ki, yalnız maaşa baxır. Qalanlarının əksəriyyəti isə bitərəf adı altında bizneslə məşğuldur. İllərdir onların ailələri, indi isə övladları deputatdır və geniş biznes imkanlarına malikdirlər. Yəni maaşla dolanan insanlar deyillər.

Ona görə də mənim fikrimcə, əsas diqqət adi insanların maaş və təqaüdlərinin artırılmasına yönəlməlidir. Dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi məsələsinə baxılmalıdır. Nazirliklər üçün tikilən böyük və bahalı binalar, gömrük və SOCAR kimi qurumların nəhəng inzibati binaları ciddi müzakirə olunmalıdır. Bir çox ölkələrlə müqayisədə bu sahələrə xərclənən vəsaitlər daha səmərəli idarə edilə bilər.

Eyni zamanda, müxtəlif lazımsız tədbirlər də keçirilir. Avropa Oyunlarından WUF-a qədər bir çox layihələr bəzən mənasız və yalnız imic məqsədi daşıyan tədbirlər kimi qiymətləndirilir. Afrika liderlərinin səfərləri zamanı da büdcədən böyük xərclərin getdiyi barədə fikirlər var.

Ümumilikdə, bu cür tədbirlər çox vaxt “eqonu təmin etmək” məqsədi daşıyır.

Ermənistanın Avropa liderləri ilə əlaqələri və səfərləri isə bəzən bizim regiondakı tədbirləri kölgədə qoyur.

Əsas məsələ orta təqaüdlərin və sosial vəziyyətin yaxşılaşdırılmasıdır.

Dünən televizorda Sahil Babayev deyir ki, bu sahədə xərclər azaldılıb və irəliləyiş var. Amma əgər insanların sosial vəziyyəti gündən-günə çətinləşirsə, bu hansı irəliləyişdir? Yaxud cərimələrlə fəxr etmək nə dərəcədə doğrudur?

Nazir Samir Şərifov da bildirir ki, vergi və cərimələrdən bu il bu qədər gəlir əldə olunub. Amma bu cərimələr xalqın cibindən çıxan vəsaitdir. O halda sual yaranır: biz nazir maaşlarını, deputat maşınlarını azaltmaqla nə əldə edirik?

Deputatların 95 faizinin bu məsələlərə ciddi yanaşmadığı da bildirilir. Əlavə gəlir heç kimə mane olmur.

Dünən eşitmişəm ki, metro kartlarının qiyməti də artıb — iki manatdan üç manata qalxıb. Beləliklə, hər dəfə nəsə artır, nəsə bahalaşır.

Əgər insanların sosial vəziyyəti dəyişmirsə, maaş və təqaüdlər artmırsa, bahalaşma və cərimələr davam edirsə, deputat və nazir maaşlarının azaldılması sıravi vətəndaşın cibinə heç bir real fayda verməyəcək.” –deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »