Ermənistan parlamentinin sədri Alen Simonyanın: “Ermənistanın azadlığı çiyələyə dəyişiləcək dəyər deyil” açıqlaması, seçkilərdən sonra Rusiya ilə münasibətlərdə artan gərginliyin siyasi ritorikada da açıq şəkildə hiss olunduğunu göstərir.
Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın qələbəsi İrəvanın Qərbyönümlü kursunu daha da gücləndirə bilər və bu, Moskva ilə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Rusiya prezidentinin hələlik Paşinyanı təbrik etməməsi də proseslərin soyuq diplomatik fonunda inkişaf etdiyini göstərən əlavə siqnaldır.
- Bu siyasi ritorika Rusiya–Ermənistan münasibətlərini daha da kəskinləşdirə bilərmi?
Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həm Paşinyan, həm də onun komanda üzvləri ritorik manevrlərlə məşğuldurlar. Yəni elə parlamentin spikeri Alen Simonyan da Ermənistanın müstəqilliyini hər şeydən üstün tutur və bunu obrazlı ifadə edir.
“Rusiya, bildiyimiz kimi, Ermənistanın kənd təsərrüfatı məhsullarının və bir sıra başqa məhsulların Rusiya bazarına çıxarılmasına məhdudiyyətlər tətbiq edib. Ermənistan tərəfi bunu Rusiyanın təzyiqi kimi qəbul edir. Ancaq Alen Simonyan Ermənistanın mövqeyinə bu qadağaların
təsir etməyəcəyini də özünəməxsus formada ifadə edir.
Eyni zamanda mən yaxşı xatırlayıram ki, ötən ay Alen Simonyan tamam fərqli bir mövqe ifadə etmişdi və demişdi ki, Rusiya ilə konfrontasiyaya gedəcək addımlar atmayacaqlar. Sözsüz ki, bundan sonrakı mərhələdə tərəflərin maraqlarının hansı nöqtədə kəsişəcəyi onların münasibətlərinə də təsir göstərəcək,” – deyən politoloq hesab edir ki, bu gün Ermənistandakı vəziyyət, yəni seçkilərdən sonrakı vəziyyət tam olaraq Rusiyanın istədiyi vəziyyət deyil.
Politoloq vurğulayıb ki, Paşinyan gələcəkdə tam sərbəst addımlar atmağa imkan verəcək qədər mandata sahib ola bilmədi. Yəni Paşinyanın topladığı səs 49,8 faizə bərabərdir. Müvafiq olaraq parlamentdəki 105 mandatdan təxminən 60–65-ni əldə edəcəyi gözlənilir. Bu da o deməkdir ki, yerdə qalan təxminən 40-dan artıq mandat müxalifətə çatacaq. Bu isə parlamentdə kifayət qədər güclü müxalifət deməkdir.
Bu müxalifət açıq şəkildə Rusiya ilə Ermənistan münasibətlərinin yaxşılaşdırılmasını, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında fəal iştirakını istəyən qüvvələrdir.
“Xatırlayırsınızsa, Paşinyanla Moskvada görüş zamanı da Vladimir Putin ona bildirmişdi ki, Rusiyameyilli və ya Rusiyayönümlü qüvvələrə seçkilərdə sərbəst iştirak üçün şərait yaradılmalıdır,” – deyən Elşad Mirbəşiroğlu hesab edir ki, əslinə qalsa, vəziyyət heç də Rusiyanın gözləntilərinə tam zidd deyil. Yəni Rusiya üçün arzu olunan idi ki, Paşinyan rejimi getsin və real Rusiya yönümlü qüvvələr tam hakimiyyətdə olsun, amma bu, baş vermədi. Amma eyni zamanda Paşinyan parlamentin mövqeyi ilə həll olunacaq məsələlərdə çətinlik çəkəcək, çünki artıq parlamentdə güclü müxalifət var.
Politoloqun fikrincə, bu, müxalifətlə hökumət arasındakı münasibətlərin xarakterinə uyğun olaraq gələcək məsələlərin hansı formada həll olunacağına dəlalət edəcək.
“Birincisi, parlament çoxluğuna malik olmayan Paşinyan bu və ya başqa məsələlərlə bağlı sərbəst referendum qərarı verə bilməyəcək. Yəni Ermənistanın Avropa İttifaqına üzv qəbul olunması istiqamətində referendumun keçirilməsi kimi məsələlərdə məhdudiyyətlər yaranacaq. Əgər bunu Paşinyan edə bilməyəcəksə, onda hesab edirəm ki, Rusiya müəyyən mənada Paşinyanla dil tapmaqda maraqlı olacaq və sözsüz ki, bütün hallarda Ermənistanın Rusiyadan asılılığı kifayət qədər ciddidir.
Yəni bu, təkcə Rusiya bazarı ilə bağlı deyil. Ermənistan məhsullarının Rusiya bazarına çıxarılmasının məhdudlaşdırılması tək problem deyil. Eyni zamanda Ermənistanın Rusiyadan kifayət qədər enerji asılılığı qalır. Bunun alternativini tapmaq Ermənistan üçün asan olmayacaq.
Tutaq ki, Ermənistan gələcəkdə Azərbaycandan və yaxud da Türkmənistandan qaz almaq istəyə və yaxud İranla danışıqlara gedə bilər. Amma İran da bu məsələdə Ermənistan, daha doğrusu, Paşinyan rejimi ilə əməkdaşlığa getməkdə çox da maraqlı olmaya bilər. Bütün hallarda Ermənista enerji təchizatı mənbəsini dəyişmək üçün əvvəlcə resurs da tapmalıdır. Ermənistanda bu resurs yoxdur" deyə politoloq bildirib. O hesab edir ki, indiki reallıqlar fonunda Ermənistan Rusiyadan tam uzaqlaşmaq, körpüləri birdəfəlik yandırmaq siyasətini həyata keçirməyəcək.
“Paşinyan yaxşı dərk edir ki, asılılıq var və müəyyən maraqların uzlaşdırılması strategiyası izləniləcək. Çox güman ki, bundan sonrakı mərhələdə Paşinyanın addımları da bu balans üzərində qurulacaqdır. Çünki Paşinyana elektoral dəstəyin azalması tendensiyası var. 2018-ci ildə 70 faiz səslə qalib gələn Paşinyan 2020-ci ildə artıq 54 faizlə qalib gəldi və nəhayət, üçüncü seçki zamanı da, yəni Paşinyanın siyasi karyerasında üçüncü seçki zamanı artıq bu rəqəm aşağı düşdü. Deməli, bu tendensiya davam edir və Paşinyandan narazı olan kütlənin sırası da genişlənməkdədir.
Yəni bugünkü reallıqlar bu tendensiyanı göstərir və eyni zamanda bundan başqa Rusiya ilə Ermənistan arasında münasibətlərin bundan sonrakı xarakteri Qərb institutlarının Paşinyana nə dərəcədə siyasi və iqtisadi dəstək göstərəcəyindən asılı olacaq. Məsələn, kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması məhdudlaşdırılan zaman Avropa İttifaqı Ermənistana real dəstək göstərdi, yəni konvensiya və imkan təqdim olundu. Əgər bu cür yanaşma üçün Avropanın kifayət qədər resursları olacaqsa, Paşinyan məhz birtərəfli istiqamət - Qərbyönümlü xətti götürə bilər.
Avropa İttifaqı Ermənistanı bütün məsələlərdə dəstəkləmək gücündə olmaya bilər. Belə olan halda, qeyd etdiyim kimi, Rusiya ilə Ermənistan, daha doğrusu, Rusiya ilə Paşinyan rejimi imkan daxilində mövqelərini uzlaşdırmağa və müəyyən bir kompromis variantı seçməyə çalışa bilərlər,” – deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






