Almaniya üçün Alternativ (AfD) Partiyasının həmsədri Alis Vaydel Berlinin Ukraynaya göstərdiyi yardımı tənqid edib və Almaniya kansleri Fridrix Merzin öz uğursuzluqlarından diqqəti yayındırmaq məqsədilə Rusiya ilə qarşıdurmaya can atdığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Vaydel Bundestaqda keçirilən debat zamanı çıxış edərək deyib.
“Bir milyardın ardınca digər milyardı Ukraynaya göndərirsiniz və bununla da çoxdan başa çatmalı olan müharibənin uzanmasını maliyyələşdirirsiniz. Bu günə qədər siz Kiyevdən “Şimal axını” qaz kəmərinin partladılması ilə bağlı heç bir hesabat tələb etməmisiniz”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, nəticədə “Almaniya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan infrastruktur məhv edilib və ölkəyə nəhəng ziyan vurulub”.
“Bunun əvəzinə siz qəsdən nüvə dövləti olan Rusiya ilə qarşıdurmaya can atırsınız ki, öz uğursuzluqlarınızı gizlədəsiniz. Siz müharibədən danışırsınız, bu müharibəni davam etdirmək və Almaniyanı da ona cəlb etmək istəyirsiniz. Halbuki bu qitənin və Ukraynanın ehtiyac duyduğu əsas şey məhz sülhdür”, - deyə AfD lideri əlavə edib.
Xatırladaq ki, Almaniyada hakim koalisiya — Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqından ibarət mühafizəkar blok (CDU/CSU) ilə Sosial Demokrat Partiyası (SPD) hazırda mürəkkəb dövrdən keçir. Koalisiya tərəfdaşları arasında bu qanunvericilik dövründə həyata keçirilməsi planlaşdırılan əsas islahatlarla bağlı fikir ayrılıqları daha da dərinləşib.
Daha əvvəl "Bild" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, kanslerə yaxın dairələrdə koalisiyanın dağılması ehtimalı da müzakirə olunur.
Bizimyol.info






